Azərbaycanın sabiq xarici işlər naziri, ölkəmizin Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Vilayət müəllim, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh müstəvisində əldə edilən razılaşmalar fonunda Bakının prosesi irəli aparmaq üçün atdığı addımlar daha çox önə çıxır. Kənar qüvvələrin prosesə təsir imkanlarını necə dəyərləndirirsiniz?
- Təbii ki, kənardan atılan bir sıra addımlar sülh prosesinə mane olmaq təsiri bağışlayır. Regionda və ondan kənarda Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəməyən qüvvələr çoxdur. Sülh yaranarsa və Bakı ilə İrəvan arasında birbaşa əlaqələr formalaşarsa, bunun fonunda dinc qonşuluq münasibətləri ortaya çıxarsa, bu sözsüz kənar qüvvələrin regiona müdaxilə etməsini məhdudlaşdıracaq. Faktiki olaraq, bu gün Azərbaycanın şimal və cənub qonşularında, Avropada bu cür “əhval-ruhiyyə” mövcuddur. Heç də bütün qüvvələr prosesin sürətlə getməsinə və uğurla tamamlanmasına can atmır. Ermənistan daxilində olan qeyri-müəyyən vəziyyət, Baş nazir Nikol Paşinyanın prosesə tam nəzarət edə bilməməsi də digərlərinin pozuculuq ümidlərini bir qədər artırır.
- Azərbaycan tərəfindən sülh istiqamətində atılan addımların əhəmiyyətini necə dəyərləndirirsiniz?
- 30 ildən artıqdır ki, Azərbaycan regionda sülh, əməkdaşlıq, iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün çalışır. Rəsmi Bakı tərəfindən atılan son addımlar da bunun mahiyyətini göstərir. Təbii ki, erməni cəmiyyətindəki tərəddüd, “bəlkə də qaytardılar” əhval-ruhiyyəsi, nəyəsə “ümid” etmək, hansısa qüvvələrin təsiri altında “vəziyyəti dəyişmək” niyyəti hazırkı sülh prosesini ləngidən amillər sırasındadır.
- Ermənistan daxilində sülhün gətirəcəyi reallıqlara yanaşma necədir?
- Azərbaycanın bütün istiqamətlərdə mövqeləri kifayət qədər güclüdür. Ermənistanda sülh və dinc qonşuluq siyasətinin gətirəcəyi faydalar da daha çox anlaşılır. 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra vəziyyət tam aydınlaşacaq. Beləliklə, sülhə doğru real addımların gələn ilin sonuna qədər atılması mümkün olacaq.
- Zəngəzur dəhlizinə (Tramp marşrutu) qarşı region dövlətlərinin yanaşması heç də birmənalı deyil. Bu halda dəhlizin açılması üçün hansı maneələr yaradıla bilər?
- Region dövlətlərinin Zəngəzur dəhlizinə qarşı olan yanaşmaları da birmənalı başa düşülə bilməz. Sözsüz ki, burada həlledici qərar Ermənistan tərəfindən verilməlidir. Əgər Ermənistan düzgün qərar verəcəksə, heç kəs buna qarşı çıxa bilməyəcək. ABŞ-nin bu prosesin arxasında dayanması da İrəvan üçün əlavə stimul olmalıdır. Çünki ABŞ Prezidenti Donald Trampın nüfuzu qarşısında, onun iştirakı ilə əldə edilmiş razılaşmaya qarşı çıxmaq çox çətindir.