Ermənistan regionda hegemon güclərin aləti rolunu oynayır - Ekspert

“Son günlər baş verən siyasi proseslər fonunda hesab etmək olar ki, region vacib hadisələrə hazırlaşır”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Qasımov deyib. 

Ekspert bildirib ki, ABŞ, Rusiya və İran xarici kəşfiyyat xidməti idarələri rəhbərlərinin Ermənistana elan edilməyən səfərləri bir daha Ermənistanın tarixi mahiyyətini ortaya qoyur: 

“Tarixən ermənilər regionda hegemon güclərin aləti olmaq rolunu oynayıblar. Bu səfərləri də bu kontekstdən dəyərləndirmək doğru olardı. Hər kəsə məlum faktdır ki, ermənilərin “əhəmiyyəti” hər zaman geniş mənada regional dəyişikliklər olacağı halda meydana çıxır. Çünki hər hansı proseslər regionda bunların əli ilə başladılır. Nəticədə ətraf ölkələrdəki dəyişikliklə başa çatır. Hazırda regionda bu kimi proseslərin planlaşdırıldığı kimsəyə sirr deyil. O cümlədən Rusiya kəşfiyyat idarəsinin başçısı Narışkinin tez-tələsik İrəvana gəlməsi onu deməyə əsas verir ki, növbədə Rusiya var. Bu ehtimalı NATO-nun strateji doktrinasında Rusiyanı Çinin yerinə “birinci düşmən” elan etməsi faktı da artırır. Qərbin məqsədi regionda ermənilərin əli ilə Rusiya-Türkiyə arasında, yaxud başqa hansısa bir ölkə ilə müharibə çıxarmaqdır. 44 günlük müharibədə nail ola bilmədilər. Rusiya ehtiyatlı hərəkət etdi. Azərbaycanın qarşısına açıq-aşkar çıxmadı. Ona görə də Azərbaycan böyük ölçüdə öz işini görə bildi. Amma Qərb öz istəyinə Ukraynada nail ola bildi. Əsas məsələ indi Qərbin Ermənistanın əli ilə Rusiyanı tamamilə zəiflətmək üçün hərəkətə keçmək istəyidir”.

Ekspert qeyd edib ki, Amerika daxilində gərginlik var: 

“Amerikanın lobbilər vasitəsilə idarə olunduğu, seçkilərdə erməni lobbisinin rolunu nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, prezident Co Bayden erməni lobbisinin dəstəyini almağa çalışır. Börns vasitəsi ilə Ermənistanın nəyə ehtiyacının olduğunu dəqiqləşdirir. Baydenin oğlunun yeni macəralarının onun kreslosunu laxlatdığı, hətta buna görə prezidentlikdən yarımçıq çıxarılacağı ilə bağlı söhbətlərin getdiyini xatırlatmaq yerinə düşər. Son nəticədə Ermənistana veriləcək hər formada dəstək onun Rusiyadan qopmasına hesablanıb. Bu da öz növbəsində Rusiyanın tamamilə zəifləməsi və regionun Türkiyə-Azərbaycan cütlüyünün nəzarətinə keçməsi deməkdir”.