Türk dünyası birliyə yaxınlaşır


Azərbaycan, Türkiyə və Özbəkistan arasındakı üçtərəfli saziş tarixi hadisəyə çevriləcək

  Azərbaycan, Özbəkistan və Türkiyə arasında üçtərəfli bəyannamə imzalana bilər. Bu barədə Özbəkistanın diplomatik mənbələrinə istinadən məlumat yayılıb. Qeyd olunub ki, sənədin avqustun 2-də Daşkənddə üç ölkənin xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin görüşü zamanı imzalanacağı nəzərdə tutulur. Görüş zamanı Azərbaycan tərəfini Xarici işlər naziri Ceyhun Bayramovun və iqtisadiyyatla bağlı nazirlərin təmsil edəcəyi gözlənilir. Xatırladaq ki, ötən gün Azərbaycan və Türkiyə liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ilə Özbəkistan rəhbəri arasında telefon danışığı olub. Prezidentlər Özbəkistan dövlət başçısı – Şavkat Mirziyoyevi ad günü münasibəti ilə təbrik ediblər. Liderlər ikili əlaqələri, regional münasibətləri müzakirə ediblər. Ekspertlərə görə, Azərbaycan və Türkiyənin türk dünyasının birliyi baxımından, Orta Asiya respublikaları ilə siyasi-iqtisadi əməkdaşlığı olduqca vacibdir. 

  Politoloq Tural İsmayılov “Şərq”ə bildirib ki, Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatında ən önəmli ölkələrdir. Analitik deyib ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatı daxilində koordinasiyanın daha da möhkəmlənməsinə, dərinləşməsinə səbəb olur: 

“Şuşa Bəyannaməsinin ardınca Türkiyə ilə Qazaxıstan arasında bəyannamə imzalandı. Sonra cənab Prezident İlham Əliyevin Özbəkistana səfəri kontekstində Özbəksitan-Azərbaycan arasında Daşkənd bəyannaməsi imzalandı. Gələn ay Qazaxıstan rəhbəri Kasım Comard Tokayevin Azərbaycana rəsmi səfəri gözlənilir. Bütün bu hadisələrin fonunda Türk Dövlətləri Təşkilatı nəzdində ölkələrin bir-biri ilə sıx əməkdaşlıq içində olmasını, postpandemiya dövrünün iqtisadi-siyasi çətinlikləri fonunda türk dövlətlərinin vahid, ortaq strategiyalar müəyyənləşdirməsini zəruri edir. Bu kontekstdə türk respublikalarının həm təşkilat çərçivəsində, həm də qurumdan kənar əlaqələri dərinləşdirməsi çox pozitiv siyasi-iqtisadi nəticələr doğuracaq. Azərbaycan, Türkiyə və Özbəkistan arasında imzalanacaq üçtərəfli bəyannamə gələcəkdə Orta Asiyadan Avropaya qədər uzanan mühüm iqtisadi-siyasi layihələrin əsasının qoyulması deməkdir. Hesab edirəm ki, sırf bu üç ölkənin müəllifi olduqları yeni layihələr də ərsəyə gətiriləcək. Bunun nəticəsində üç ölkə iqtisadiyyatının manevr imkanları genişlənəcək”.

  T.İsmayılov vurğulayıb ki, Azərbaycan, Türkiyə və Özbəkistan arasındakı üçtərəfli saziş türk dünyasının daha da birləşməsinə səbəb olacaq: 

“Gələcəkdə digər dövlətləri ilə də ayrı-ayrılıqda ikili, üçlü sazişlərin imzalanma perspektivləri mümkündür. Ən mühüm və vacib faktor odur ki, Özbəkistan Mərkəzi Asiyada önəmli güc mərkəzlərindən biridir. Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Türkiyə isə Avropa ilə Asiya arasında əhəmiyyətli geopolitik gücdür. Üç iqtisadi-siyasi mərkəzin bir araya gələrək ortaq addım atması hər birinin qlobal nizamda mövqelərini daha da möhkəmləndirəcək”.