832 yeni seçki məntəqəsi yaradılıb

MSK-da yeni struktur vahidlərinin yaradılması təklif olunub


  İyulun 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 2022-ci il 27 may tarixli iclasının protokolu təsdiq olunub. Sonra seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması məsələsinə baxılıb. Xatırladılıb ki, 2022-ci ilin daimi seçici siyahılarının tərtib olunması və dəqiqləşdirilməsi prosesi yekunlaşdıqdan sonra bir sıra seçki məntəqələrinin ərazisində seçici sayının Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan çox olması müəyyən olunmuşdu. Bu səbəbdən də Komissiya seçici sayı qanunvericiliklə müəyyənləşdirilmiş saydan çox olan seçki məntəqələrinin ərazisində təxirə salınmadan əlavə seçki məntəqələrinin yaradılmasını müvafiq dairə seçki komissiyalarına həvalə etmişdi. 

“Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə formalaşması..”

  İclasda bildirilib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən seçki dairələrinin yaradılması sxemini, onun qrafik təsvirlərini, habelə seçki dairələrinin hüdudlarına dair təklifləri Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan komissiya hazırlayır. Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə sözügedən komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının sədr müavini rəhbərlik edir və vəzifəsinə görə o, komissiyanın sədri hesab olunur. Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə formalaşması əsas məqsədi seçki dairələrinin qanunvericiliyin tələblərinə uyğun yaradılmasını təmin etmək olan komissiyanın da yeni tərkibdə təsdiq edilməsi zərurətini ortaya çıxarıb. Yuxarıda sadalananlar və Seçki Məcəlləsinin tələbləri əsas götürülərək, seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya Mərkəzi Seçki Komissiyasının sədr müavininin rəhbərliyi ilə müvafiq Komissiya üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət tərkibdə yenidən təsdiq edilib.

“Çalışırdıq ki, üç adlı seçki dairələri olmasın”

  Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, əsas məsələ seçki dairələrinin sərhədlərinin müəyyən edilməsidir. MSK sədri bildirib ki, bu, ciddi məsələdir: “Burada müəyyən maraqların toqquşması, yeni seçki məntəqələrinin yaradılması ilə bağlı problemlər ola bilər. Çünki yeni yaradılan hansısa məntəqəyə görə əhalini həmin seçki məntəqəsində səs verməyə məcbur etmək olmaz. Ona görə hansı yerlərdə problem olması ehtimalı varsa, dairə sərhədlərinin müəyyən edilməsinə oradan başlamaq lazımdır. Optimal yolları seçmək lazımdır ki, dairələrin sərhədlərinə toxunulmasın. Biz çalışırdıq ki, üç adlı seçki dairələri olmasın. Bütün ölkə üzrə seçki dairələrinin sərhədlərinin toxunulmazlığını nəzərə alaraq, maksimum çalışmaq lazımdır ki, seçki dairələrinin adında 2 addan o tərəfə keçməyək. Yaşayış məntəqələri arasında konflikt yaradılmamasına diqqət edilməlidir. Maksimum elə etmək lazımdır ki, seçki dairələrinin sərhədləri ilə bağlı problem yaranmasın”.   Məzahir Pənahov sosial şəbəkələrdə problemin baş verəndən sonra qabardılmasına da münasibət bildirib: “Bizə vaxtında yerlərdə olan problemlərlə bağlı əvvəlcədən məlumat verilmir. Əfsuslar olsun ki, yalnız problem baş verəndən sonra paylaşırlar”.

“Azərbaycanda seçici siyahıları dəqiqləşdirilib”

  Komissiyanın iclasında, həmçinin bəzi seçki dairələri, dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb. Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib ki, 2022-ci ilin yanvar ayının əvvəllərindən may ayının sonuna qədər Mərkəzi Seçki Komissiyası Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilib tərtib olunması prosesini həyata keçirib. Rövzət Qasımov bildirib ki, seçki məntəqələri üzrə ən azı 50, ən çoxu 1500 seçici ola bilər: “Bununla əlaqədar may ayının əvvəlindən iş aparılıb. Seçki Məcəlləsinin tələbi ilə bağlı 1300-dən artıq seçki məntəqəsinin yaradılması zərurəti yaranmışdı. Həmin vaxtdan bəri 103 seçki dairəsinin ərazisində 832 yeni seçki məntəqəsi yaradılıb. Respublika üzrə ümumi 6274 seçki məntəqəsi fəaliyyət göstərəcək. Həmin məntəqələrin seçici siyahıları və s. məsələləri artıq həll olunub. Bələdiyyələrin sərhədlərinin kəsilməməsi prinsipi seçki məntəqələrinin yaradılması prosesində nəzərə alınıb. Artıq növbəti mərhələ seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsidir. Bu proses xüsusi komissiyanın səlahiyyətindədir”.

"Hazırda kommunikasiya ilə bağlı da bir struktur vahidinin yaradılmasına ehtiyac var"

  Rövzət Qasımov deyib ki, Mərkəzi Seçki Komissiyasında  yeni struktur vahidlərinin yaradılmasına ehtiyac var: “Gələcəkdə kadrların idarə olunması ilə bağlı yarana biləcək problemlərin qarşısını preventiv şəkildə almaq üçün kadrların idarə olunması ilə bağlı yeni struktura ehtiyac yarandığı görünür. 30 mindən yuxarı aşağı seçki komissiyalarının üzvlərinin və DSK-ların katibliklərində çalışan əməkdaşların idarə olunmasından söhbət gedir. MSK-da bu sahədə struktur vahidinin təsisi məsələsinə baxaq. Çətinliklərin yaranmaması üçün əvvəlcədən hansı addımlar atmalı olduğumuzu müəyyənləşdirməliyik. Hazırda kommunikasiya ilə bağlı da bir struktur vahidinin yaradılmasına ehtiyac var”. 
  Məzahir Pənahov qeyd edib ki, bu çox ciddi məsələdir: “Bununla məşğul olmaq üçün xüsusi qrup yaradaq. Bu qrupda yeni struktur vahidinin hazırlanması ilə bağlı təkliflər hazırlansın və müzakirəyə təqdim edilsin. Qrupun tərkibinə Katibliyin 3 nümayəndəsi və MSK üzvləri də daxil edilsin. Bizim tələbimiz hansısa qurum yaratmaq deyil, boşluğu doldurmaqdır. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır”.

Ağcabədi DSK-nın üzvü həbs olunub

  MSK katibi Mikayıl Rəhimov deyib ki, 82 saylı Ağcabədi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Aydın Bəşir oğlu Quliyev həbs olunub. O bildirib ki, bu gün keçirilən ilk iclasda Aydın Quliyev DSK üzvlüyündən çıxarılıb: “Məhkəmə qərarına əsasən, o, 31 may tarixində həbs edilib”.