Partiyalar azadlıq istəyir

Funksionerlər ümid edir ki, qəbul olunacaq yeni qanun layihəsi kağız üzərində qalmayacaq

Artıq proporsional seçki sisteminə keçmək vaxtıdır

Azərbaycanda Türkiyənin siyasi sistemini tətbiq etməliyik

  Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədri Sahibə Qafarovaya müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanıb. Milli Məclisin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb. Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim etmələri xahiş olunub.

  Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov “Şərq”ə açıqlamasında bildirib ki, siyasi partiyalarla bağlı qanun müstəqilliyin ilk illərində qəbul olunub. Partiya təmsilçisi qeyd edib ki, qanun qəbul olunarkən və ya sonrakı dəyişikliklər zamanı əsas məqsəd təəssüf ki, heç də çoxpartiyalılığın inkişafı, demokratizmin genişlənməsi olmayıb:

 “Əksinə, qanunun ruhu siyasi partiyaların daha çox dekorasiya rolunu önə çəkməyə istiqamətlənib. Hazırkı təklif olunan dəyişikliklərin hansı ölçüdə və ruhda olacağından məlumatım yoxdur. Amma arzu edərdim ki, bu dəyişikliklər real çoxpartiyalı siyasi sistemin bərqərar olmasına, siyasi partiyaların azad fəaliyyətinə və dövlət həyatındakı rolunun artırılmasına istiqamətlənən müddəalar olsun. Konkret olaraq müzakirələr başlananda biz də bu müzakirələrin obyektiv və xoşniyyətli olduğunu görərsək təkliflərimizi verəcəyik”.

  Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Orucov da deyib ki, əslində pis qanun yoxdur, problem hansısa qanunun işlək olub-olmamasındadır: 

“Hətta indiki qanun belə işlək olsaydı, biz onu məqbul hesab edərdik. Əfsuslar ki, bizdə hansısa qanunlar qəbul olunanda, sonradan düzəlişlər ediləndə vəziyyət daha da kəskinləşir. Mövcud “Siyasi partiyalar haqqında” qanunda maraqlı nüanslar var. Əgər qanun işləsəydi, partiyalar normal fəaliyyət göstərə, inkişaf edə bilərdi. O baxımdan, hesab edirik ki, qanunların qəbulundan daha çox mövcud qanunların işləmə mexanizmini təmin etmək lazımdır. Siyasi partiyalar elə vəziyyətə salınıb ki, onların fəaliyyəti müşahidə olunmur. Maddi-texniki bazaları, cəmiyyətə təsir imkanları yoxdur. Eyni zamanda KİV-lərə çıxışları da məhduddur. Belə vəziyyətdə siyasi partiyalar haqqında ən optimal, mütərəqqi qanun qəbul edilsə belə vəziyyət dəyişməyəcək. Məsələn, seçki məcəlləsi də çox mütərəqqidir, amma ölkədə seçkilər həmin qanuna uyğun təşkil olunmur”. 

  Ə.Orucova görə, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi çox vacib və aktual mövzudur: 

“Əgər partiya büdcədən maliyyələşməsə, istər-istəməz hansısa kənar gücün təsiri altına düşür və normal fəaliyyət göstərə bilmir. Ümumi mexanizm taparaq, siyasi partiyaların maliyyələşməsini həyata keçirmək lazımdır. 5-6 partiyaya hansısa binada bir-iki otaq vermək siyasi təşkilatlara qayğı, diqqət demək deyil. Bu addım partiyaların inkişafına dəstək sayılmır. Əsas məsələ partiyaların həqiqətən müstəqil fəaliyyətdə olması, maliyyə imkanları əldə etməsi və üzvlərinin sayını artırmasıdır”. 

  AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli də hesab edir ki, ümumiyyətlə, Azərbaycanda siyasət peşəkarlaşmalıdır:

 “Peşəkar siyasət partiyaların fəaliyyətindən, onların cəmiyyətə təsir gücündən asılıdır. Azərbaycandakı partiyalar ölkə həyatında mühüm rol oynaya bilmir, çünki illərdir neytrallaşdırılmış vəziyyətdədirlər. Əslində hakim partiyada vəziyyət bu cürdür. Çünki siyasi rəqabət olmadığı üçün partiyaların fəaliyyəti sıfıra enir. Ona görə də ümid edək ki, Milli Məclisdə qəbul olunacaq yeni qanun layihəsi kağız üzərində qalmayacaq və ölkədə fəaliyyət göstərən bütün partiyaları əhatə edəcək. AĞ Partiya olaraq hər dəfə təklif etmişik ki, siyasi partiyaların müstəqil fəaliyyətinə imkan yaradılmalı, maliyyələşməsi təmin olunmalıdır. Şübhəsiz, qanun layihəsinin detalları açıqlandıqdan, müzakirələr başladıqdan sonra partiyamız konkret təkliflərlə çıxış edəcək. Qısaca onu deyim ki, artıq proporsional seçki sisteminə keçmək vaxtıdır. Azərbaycanda Türkiyənin siyasi sistemini tətbiq etməliyik. Əgər siyasi mühitin sağlam olmasını istəyiriksə, siyasi rəqabət də sağlam olmalıdır. Bunun üçün də Türkiyə və Avropa nümunələrinə nəzər yetirilməli və partiyalara imkanlar yaradılmalıdır. Belə olarsa, siyasətdə təsadüfi insanlara yer olmayacaq. Yəni siyasətlə peşəkar siyasətçilər məşğul olacaq”.