Ukraynanın taxılla yüklənən gəmisi yola çıxıb

Azər Qasımov: "Rusiyanın bir müddətdən sonra tormozlayıcı addım atacağına şübhə yoxdur"

  Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov taxılla yüklənmiş ilk ticarət gəmisinin Ukraynanın Odessa limanından yola düşməsinin müsbət təşəbbüs olduğunu bildirib. Peskov deyib ki, İstanbulda keçirilən danışıqlarda əldə olunmuş razılaşmaların həyata keçirilməsini yoxlamaq üçün yaxşı fürsətdir: “Ümid edirik ki, razılaşmalar bütün tərəflər tərəfindən həyata keçiriləcək və səmərəli işləyəcək”. O qeyd edib ki, kənd təsərrüfatı məhsulları daşıyan ilk gəminin suya buraxılması ilə bağlı humanitar yardım əməliyyatı İstanbuldakı Birgə Koordinasiya Mərkəzində Rusiya zabitlərinin fəal iştirakı ilə planlaşdırılıb. Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba da yükü dəyərləndirib. 

“Bu, dünya üçün təsəlliverici bir vəziyyətdir” deyən Kuleba taxıl daşıyan Razoni gəmisinin daşınmanın davamlılığı üçün bir sınaq olduğunu vurğulayıb. Ukrayna Prezidenti Vladimir Zelenski isə “qəti qiymətləndirmə üçün tezdir, lakin müsbət siqnallar almağa başlayırıq” şərhini verib. Məlumat üçün deyək ki, Ukraynadan taxıl daşınması gündə 3 gəmi ilə məhdudlaşdırılacaq. Eyni zamanda, ixrac olunacaq taxılın aylıq miqdarı 3 milyon tondan çox olmayacaq. Gələcəkdə gəmilərin miqdarının və ümumi taxılın tədricən artırılması nəzərdə tutulur. Lakin İstanbul anlaşmasına görə, İstanbulda imzalanan müqavilə ilə Ukraynanın Odessa, Pivdennı və Çornomorsk limanlarından 20 milyon ton taxılın boşaldılması gözlənilir. Dünyaya 20 milyon ton taxıl daşıyacaq dəhlizin bütün nəzarəti İstanbulda yaradılacaq mərkəzdə həyata keçiriləcək. Boş gəmilərin və taxılla yüklənməmiş gəmilərin isə limanları tərk etməsinə icazə verilmir. İyulun 27-də açılan Birgə Koordinasiya Mərkəzinə Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmiləri daxildir.

  Politoloq Azər Qasımov “Şərq”ə vurğulayıb ki, Rusiyanın müxtəlif bəhanələrlə razılaşmadan boyun qaçırması ehtimalı hər zaman var. Ekspert bildirib ki, Rusiyanın bir müddətdən sonra tormozlayıcı addım atacağına şübhə yoxdur:

 “Müqavilənin ilk günü Odessa limanını atəşə tutdular. Əvvəl “etmədik” dedilər, sonra boyunlarına aldılar. Rusiya imkan verməyəcək ki, Ukrayna gəlir əldə etsin. Bu, Kremlin niyyətinə, məntiqinə ziddir. Bir halda ki, Kiyev hökuməti Moskvanın gözündə milliyyətçi və düşməndir, Türkiyənin vasitəçiliyi ilə belə olsa, əldə edilən razılaşma Rusiya üçün uzunmüddətli ola bilməz. Amma dünya ölkələri Ukraynaya yardım etməyi özlərinə borc bilirlər. Qərb başa düşür ki, Ukrayna onların yerinə də Rusiya ilə müharibə edir. Əgər Kiyev geri çəkilsə, sıra onlara gələcək. Bu baxımdan çalışırlar ki, Ukrayna maddi və hərbi baxımdan ehtiyac içində olmasın. Rusiya isə özünü elə tələyə salıb ki, böyük itki vermədən qurtulması imkansızdır”.