Qarabağdakı erməni sakinlər qorxu içindədirlər


Çünki anlayırlar ki, təxribatlara sərt  cavab veriləcək

  “Qarabağ separatçıları bir-birini təkzib edən iki açıqlama yayıblar”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, separatçılar əvvəlcə məlumat yayıblar ki, guya, Azərbaycan Ordusu irəliləməyə çalışıb və separatçılar bunun qarşısını alıblar: “Xəbər “vəziyyət gərgin olaraq qalır” cümləsiylə bitib. Ancaq axşama yaxın fərqli xəbər yayıblar ki, “vəziyyət nəzarət altındadır, sosial şəbəkələrdə yayılan xəbərlər doğru deyil”. Separatçıların “xarici işlər naziri” David Babayan da xora qoşularaq “panikaya ehtiyac yoxdur” ifadəsini işlədib. Separatçılar Azərbaycan Ordusunun planlarından qorxurlar. Anlayırlar ki, sonsuza qədər əli silahlı dolaşa bilməyəcək və təxribatlarına adekvat cavab veriləcək. Separatçılar bundan qorxduqları qədər bölgədə yaşayan erməniləri sakitliyə çağırırlar ki, panika başlamasın. Çünki mümkün hərbi toqquşmadan separatçılardan da çox Qarabağdakı erməni sakinlər qorxur. Çünki anlayırlar ki, növbəti toqquşma nəticəsində bölgəni növbəti dəfə tərk etməli olacaqlar”.