Lavrov Mirzoyanla, Putin Paşinyanla danışdı


Ruslar yenə proseslərə aktiv müdaxilə edir

  Dünən Rusiya və Ermənistan Xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub. Bir neçə saat sonra isə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan əlaqə saxlayıblar. Xarici işlər nazirləri Azərbaycanla Ermənistan arasında 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar razılaşmalarını müzakirə ediblər. Yayılan xəbərlərdə nazirlərin bölgədəki son durumu müzakirə etdiyi də yazılıb. Görünür, eyni mövzuları Vladimir Putinlə Nikol Paşinyan da müzakirə ediblər.

Ekspertlərin fikrincə, Moskva Vaşinqtonun Cənubi Qafqazda fəallaşmasından, Vaşinqtondan Bakıya və İrəvana edilən zənglərdən narahatdır. Vaşinqtondan sonra Moskvadan Bakı və İrəvana edilən zənglərin mahiyyətində bu amil dayanır. 

  Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, ruslar yenə proseslərə aktiv müdaxilə edir: 

“Bu zənglərin bir səbəbi ABŞ dövlət katibi Entoni Blinken, ardınca isə köməkçisinin İrəvan və Bakı ilə danışması, Vaşinqtonun kommunikasiyanın açılmasında vasitəçilik təklifləridir. Moskva öz vasitəçiliyini və vasitəçilik etdiyi razılaşmaları xatırladır. Digər səbəbi isə Bakının cari tələbi olan 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası, yəni erməni qoşunların Qarabağdan çıxarılmasıdır. Moskva anlayır ki, bu məsələdə irəliləyiş olmasa bölgədə gərginlik yenidən aktuallaşa və belə vəziyyətdə kənar vasitəçilərin önü açıla bilər. Rusiya Prezidenti Vladimir Putin də Paşinyanla “10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatların həyata keçirilməsinin bəzi praktiki aspektlərini” müzakirə edib. Proseslərin inkişafını İrəvanın sərgiləyəcəyi mövqe müəyyən edəcək”.