İrəvan Rusiyanı Qərblə əvəzləməyə hazırlaşır

Tofiq Zülfüqarov: "Təxribat taktikası, gərginliyin hansısa səviyyədə saxlanması bu prosesin tərkib hissəsi ola bilər"
"Yaxın gələcəkdə torpaqlarımızdakı erməni silahlılarının çıxarılması qaçılmazdır"
  Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutublar. Müdafiə Nazirliyinin məlumatına görə, erməni təxribatı nəticəsində əsgər Anar Kazımov şəhid olub. Hadisədən sonra bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb. Qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini vurğulayıb. Xüsusən, qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib. 3 avqust tarixində baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu göstərir. Eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir. Heç şübhəsiz, Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarında qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir. Rəsmi qurumların da vurğuladığı kimi Azərbaycan ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün tərəfimizdən bütün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.
  Növbəti təxribatla bağlı “Sherg.az"a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Ermənistan tərəfinin köhnə siyasətini davam etdirməsi müşahidə olunur. Keçmiş nazir vurğulayıb ki, erməni tərəfinin Azərbaycan torpaqlarındakı separatçıları silahlandırması, maliyyələşməsini təmin etməsi ölkəmizin ərazi bütövlüyünə və suverenliyimizə ziddir: “Bu onu göstərir ki, Ermənistan köhnə ambisiyalarını davam etdirmək niyyətindədir. Hətta açıq şəkildə bəyan edirlər ki, onlar “Artsax” siyasətini mövcud şəraitdə davam etdirəcəklər. Əlbəttə, Azərbaycan qətiyyən bununla razılaşmayacaq. Ümumiyyətlə, məğlub tərəfin bu cür yanaşması qəbuledilməzdir. Belə təxribatlar 10 noyabr üçtərəfli sazişinin pozulmasıdır və tənzimlənmə siyasətinə ziddir. Ona görə də qarşısı alınmalıdır. Azərbaycan öz imkanlarından və beynəlxalq vəziyyətdən istifadə etməklə qarşı tərəfə təzyiq göstərir. Yaxın gələcəkdə torpaqlarımızdakı erməni silahlılarının çıxarılması qaçılmazdır. Ermənistan bunun qarşısını almaq üçün təxribat siyasətinə uyğun olaraq müxtəlif yerlərdə insidentlər törədir. Radikal ünsürlərin əməllərindən isə ona görə istifadə olunur ki, guya, Ermənistan hökumətinin baş verənlərə dəxli yoxdur və əslində İrəvan da bundan “narazıdır”.
  T.Zülfüqarov vurğulayıb ki, vəziyyətə ümumi şəkildə baxsaq, görərik ki, Qərblə Rusiya arasında gərginlik Ermənistanda da özünü büruzə verir: “ABŞ və Avropa ölkələrindən rəsmilər davamlı səfərlər edirlər, müxtəlif təmaslar qurulur, aktiv şəkildə telefon zəngləri olur. Bu da onu göstərir ki, Ermənistan Rusiyanın bölgədə zəifləməsindən yararlanaraq, öz siyasətini dəyişmək istəyir. İrəvan yaxşı başa düşür ki, Rusiyanın imkanları zəiflədikcə, bölgədə boşluq yaranacaq. Həmin boşluğu başqası ilə doldurmaq çox önəmlidir. Çünki artıq regionda Türkiyə və Azərbaycan dominantlığı hiss olunmaqdadır. Ermənistanın məqsədi Rusiyanı hansısa Qərb ölkəsi ilə əvəzləməkdir. Təxribat taktikası, gərginliyin hansısa səviyyədə saxlanması bu prosesin tərkib hissəsi ola bilər. İrəvan buna hazırlaşır. Proses Qərbin Rusiyaya qarşı siyasətinə uyğun gəldiyi üçün Qərb ölkələri açıq şəkildə Moskvaya qarşı ikinci cəbhə açmaqda maraqlıdır. Əslində Ermənistanın dəyişim prosesi müharibədən əvvəl başlayıb. Paşinyanın bəyanatları, ABŞ və Avropa ölkələrinin fəallığı fonunda bunu dəfələrlə görmüşük. Bu artıq siyasət yox, riyaziyyatdır. Rusiyanın imkanları kifayət qədər azalıb. Ölkənin bütün resursları Ukrayna müharibəsinə səfərbər olunub. Bundan sonra “imic layihələri”ni saxlamaq Moskvanın imkanları daxilində olmayacaq. Sanksiyalar gücləndikcə vəziyyət daha da kəskinləşəcək. Ancaq başa düşürük ki, Ermənistan heç vaxt müstəqil siyasət aparan ölkə olmayıb. Hər zaman kiminsə köməyi, vasitəçiliyi ilə Azərbaycana və Türkiyəyə qarşı siyasət həyata keçirib. İrəvan görür ki, daim onlara arxa-dayaq olan Rusiya artıq dəstək verməkdə həvəsli deyil. Hətta müharibə vaxtı belə ermənilər ruslardan istədikləri yardımı ala bilmədilər. Ona görə də Ermənistan Rusiyanı əvəzləməyə çalışır. Hər halda proseslər bu yöndə gedir”.