"Ermənilərin verdiyi mina xəritələrinin əksəriyyəti həqiqəti əks etdirmir"

Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və bərpa işləri aparılır. Bərpa-quruculuq işlərinə, həmçinin əhalinin doğma yurdlarına qayıtmasına ən böyük problem isə işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalanmasıdır. Buna baxmayaraq, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi qarış-qarış həyata keçirilir. Lakin həmin ərazilərin relyefi minatəmizləyən texnikanın hər yerdə istifadəsinə imkan vermir. Bu da prosesin sürətlə aparılmasına mane olur. İşğaldan azad olunmuş ərazilərimiz ermənilərin plansız şəkildə və bir çox hallarda qadağan olunmuş minalardan istifadəsi nəticəsində təhlükəli yerə çevrilib. Ərazilərimizin minalanması nəticəsində müharibədən sonra yüzlərlə vətəndaşımız həyatını itirib və ya xəsarət alıb. Ümumiyyətlə, 1999-cu il Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir. Həmçinin, Konvensiyaya görə, əraziləri minalamış tərəf müharibə bitdikdən sonra dəqiq hazırlanmış mina xəritəsini qarşı tərəfə verməyə borcludur. Azərbaycan tərəfinin məsələni bir çox beynəlxalq platformalarda və yüksək səviyyəli təmaslarda dəfələrlə qaldırmasından sonra müxtəlif təzyiqlərin nəticəsi olaraq Ermənistan mina xəritələrini ölkəmizə təqdim etdi. Lakin təqdim edilən mina xəritələrinin dəqiqliyi cəmi 20-25 faiz oldu. Ermənistan Ottava Konvensiyasını imzalamayıb. Amma bu o demək deyil ki, Ermənistanın belə hərəkətləri onun üçün məsuliyyət yaratmır.
  Millət vəkili Ceyhun Məmmədov “Sherg.az"a deyib ki, işğaldan azad edilmiş ərazilərimizin minalardan tam təmizlənmədiyi hamı tərəfindən nəzərə alınmalıdır. Deputatın sözlərinə görə, xüsusən bölgəyə səfər edən vətəndaşlarımız mümkün qədər ehtiyatlı davranmalı, müvafiq qurumların xəbərdarlığına riayət etməlidir: “Hamımız bir an öncə işğaldan azad edilmiş torpaqlarımızı qarış-qarış gəzmək istəyirik. Bu, başadüşülən olsa da, böyük risk yaratdığını anlamaq lazımdır. İnsanlarımız bu məsələdə diqqətli olmalıdır, öz təhlükəsizliklərini qorumalıdırlar. Şübhəsiz, mina məsələsində erməni tərəfinin üzərinə böyük məsuliyyət düşür. Dünya ictimaiyyəti Ermənistana təzyiqi artırmalıdır. Biz də təbliğatımızı daha geniş miqyasda aparmalıyıq. Ermənistan mütəmadi ifşa olunmalı, müxtəlif platformalarda minalanmış ərazilər məsələsi gündəmə gətirilməlidir. Çalışmalıyıq ki, İrəvanın qeyri-humanist hərəkətinə hüquqi qiymət verilsin və sanksiyalar tətbiq olunsun. Ermənistanın bizə təqdim etdiyi xəritələrin böyük hissəsi həqiqəti əks etdirmirdi. O baxımdan beynəlxalq qurumlar bu məqamı diqqətə almalı, erməniləri yanlış hərəkətlərdən çəkindirməlidir. Təəssüf ki, beynəlxalq qurumların fəaliyyətində bunu müşahidə edə bilmirik. Hər halda vətəndaşlarımızın təhlükəsizliyini qorumaq və bərpa-quruculuq işlərini daha sürətli aparmaq üçün bu istiqamətdə səylərimizi daha da artırmalıyıq”.