Paşinyan çarəsizdir, yalanlarla yaşayır

O, Rusiyanı hədələyir ki, Qarabağda yerləşən rusiyalı sülhməramlıların mandatı müəyyənləşməsə beynəlxalq təşkilatlara müraciət edəcək

  Regionda baş verən olaylarla bağlı hökumətin təcili iclasını çağıran Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ətrafında vəziyyətin son dərəcə mürəkkəb olduğunu deyib. Baş nazir 3 avqust tarixində baş vermiş gərgin döyüşlərdə 2 erməni hərbçinin öldüyünü, 19 hərbçinin isə yaralandığını bildirib. Onun sözlərinə görə, Qarabağda Ermənistandan gələn hərbçilər xidmət etmirlər: “Azərbaycan Qarabağın “müdafiə ordusu”ndan, onun niyə təmas xətti boyunca yerləşdirilməsindən danışır. Əgər Rusiya sülhməramlı kontingenti və Azərbaycanın təmas xəttinin toxunulmazlığına zəmanət verirsə, məncə, “müdafiə ordusu” döyüş növbətçiliyi aparmağa məcbur edilməyəcək. Mən də rəsmi şəkildə bildirirəm ki, Qarabağda Ermənistandan olan hərbçi yoxdur. 

Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur”. Baş nazir həmçinin bəyan edib ki, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır: “İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən regionda sülhün bərqərar olmasının tərəfdarıdır. 

  Paşinyanın açıqlamalarını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, erməni baş nazir Qarabağda Ermənistan hərbçisinin olmadığını söyləyir. Halbuki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir neçə gün əvvəl Paşinyanın təlimatıyla bəyan etmişdi ki, “sentyabra qədər hərbçilərimizi Qarabağdan çıxaracağıq”. Deməli, başlarına zərbə dəydikcə daha tez tərpənirlər: 

“Nikol Paşinyan çarəsizdir. Açıqlamasında Rusiyanı hədələyən Paşinyan deyir ki, Qarabağda yerləşən rusiyalı sülhməramlıların mandatı müəyyənləşməsə beynəlxalq təşkilatlara müraciət edəcək. Beynəlxalq təşkilatlar Azərbaycanın istəyi olmadan nə edə bilərlər ki? Müxtəlif problemlər məngənəsində sürünən BMT Qarabağa sülhməramlı göndərmək və ya rusiyalı sülhməramlıları əvəz etmək durumunda deyil. Paşinyan erməni cəmiyyətinə mesaj verir ki, rusiyalı hərbçilər Azərbaycan Ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsinə mane olmurlar. Biz rusiyalı hərbçilərin “mandat” mövzusunu ona görə müzakirə etmirik ki, onların bölgədə varlığı müvəqqətidir, 3 il yarımdan sonra Qarabağı tərk etməli olacaqlar. Əsas hədəfimiz budur. Ermənilər isə qorxularından bu mövzu barədə danışmaq istəmirlər. Bir-birilərindən açıq şəkildə soruşmurlar ki, “rusiyalı hərbçilər Qarabağı tərk etdikdən sonra nə edəcəyik?”.
Analitik Paşinyanın Laçın dəhlizi ilə bağlı sözlərinə də münasibətini bildirib: “Laçın yolu yalnız dəhliz deyil, Ermənistandan Qarabağa uzanan qaz boru xətti və elektrik xətləri də buradan keçir. Başqa sözlə, Azərbaycan Ordusu Laçın dəhlizini nəzarətə götürməklə həm də vaxtilə qanunsuz çəkilən kommunikasiya xətlərini  nəzarətə götürəcək. İrəvan məhz buna görə Laçına alternativ yola keçidi uzatmaq istəyir. Ancaq qısa müddətdə alternativ yoldan Qarabağdakı ermənilərə qaz boru xətti çəkə bilməyəcəklər. Belə istəkləri olsa belə bu dəfə biz buna imkan verməyəcəyik. Bunu İrəvan da anlamamış deyil. Əslində Ermənistanın Baş naziri Nikol Paşinyan alternativ yol reallığını qəbul edib. Ona görə də açıqlama verib ki, Ermənistan tərəfdən yolun tikintisini payıza qədər bitirəcəklər. Halbuki, bir neçə gün əvvəl bəyan etmişdilər ki, yolun tikintisinə sentyabr ayından başlayacaqlar”.