Saakaşvili epoxası artıq bitib

O, siyasətdən əl çəkərək, hakimiyyətdən azadlıq dilənir

  Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Gürcüstan siyasətindən getmək və rəhbərlik etdiyi "Vahid Milli Hərəkat" Partiyasından çıxmaq qərarına gəlib. Bu barədə onun vəkili Valeri Qelbaxiani "İmedi" telekanalına açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, Saakaşvili təkcə Milli Hərəkatdan deyil, "ümumiyyətlə, Gürcüstan siyasətindən getmək qərarına gəlib, çünki indi bu, siyasət yox, ölüm-dirim məsələsidir”. 

Qelbaxiani vurğulayıb ki, Gürcüstanın eks-prezidenti artıq siyasətlə maraqlanmır: “Görünür, o, bu barədə çoxdan düşünürdü, amma heç kim ona bunu açıq elan etmək imkanı vermədi, çünki qalmaqallı dissonans istəmirdilər. İndi də bəyan edir ki, onun heç kimə qarşı heç bir iddiası yoxdur. Onun siyasi resursu tükənib, gündəliyi və vəzifələri də dəyişib. İndi qarşısında duran əsas vəzifə sağlamlığına diqqət etmək, mümkün təhlükədən, ölümdən qaçmaqdır”. Bundan əvvəl Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze siyasətçinin vəziyyətinin pisləşdiyini açıqlamışdı. O, Saakaşvilinin "çox xəstə” olduğunu demiş və eks-prezidentin vəziyyətini ölü adamla müqayisə etmişdi. Qeyd edək ki, 2021-ci ilin payızında Mixail Saakaşvili səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıdıb və həbs edilib. Ölkəsində ona bir bankirin qətli və deputatın döyülməsi iddiası ilə 6 illik həbs cəzası verilib.

  AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli “Şərq”ə deyib ki, siyasətdən vaxtında, rüsvay olmamış, nüfuzdan düşməmiş getmək lazımdır. Partiya təmsilçisinin sözlərinə görə, siyasət futbol kimidir:

 “Futbolçu necə ki, oynaya bilmədiyi, komandaya xeyir vermədiyi üçün peşəsindən uzaqlaşmaq qərarına gəlir, eyniylə siyasətçi də zamanında getməyi bacarmalıdır. Mixail Saakaşvili Qərbin layihəsi idi. 2000-ci illərin əvvəllərində “narıncı inqilabları” maliyyələşdirən “Soros Fondu” post-sovet ölkələrinin bəzilərində hakimiyyəti dəyişdirdi və öz adamlarını gətirdi. Ancaq Saakaşvili Gürcüstan siyasətində çox qala bilmədi. 

Bir müddət Ukraynada idarəetmə orqanlarında çalışsa da, uğursuzluğa düçar oldu. Görünür, hansısa qüvvələr Saakaşviliyə vədlər vermişdi, yaxud aldatmışdılar. Elə düşünürdülər ki, Saakaşvili təyyarədən yerə enən kimi gürcü xalqı onu Prezident sarayına aparacaq. Amma bunun əksi baş verdi. Daha sonra isə dünyanı məşğul edən Rusiya-Ukrayna müharibəsi başladı”. 

Ə.Məmmədli vurğulayıb ki, indiki məqamda Saakaşvilinin aqibəti, onu “layihə” kimi bölgəyə göndərənlərin maraqlandırmır: 

“Eks-prezident mövcud reallığı qəbul etmək məcburiyyətində qalaraq siyasətdən getmək barədə düşünür. Ola bilsin, hakimiyyətlə danışıqlar aparır ki, o, siyasətdən əl çəkəcəyinə söz verəcək və hökumət sabiq rəhbəri həbsdən azadlığa buraxacaq. İstənilən halda Saakaşvili epoxası artıq bitib”.