"Ermənistana uzaqbaşı bir ay güzəşt edilə bilər"

  Ermənistan Laçına alternativ yolun tikinti işlərinə başlayıb. Bu barədə hökumətin iclasından əvvəl jurnalistlərlə açıqlamasında Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib. O deyib ki, texnikalar işləyir, yol çəkilir: “Biz onu üç yerə bölmüşük, fəal işləyirik. Yolun tikintisi yaza qədər başa çatacaq”. Qeyd edək ki, Prezident İlham Əliyev, Rusiya rəhbəri Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Azərbaycan tərəfi Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yolun uzunluğu 32 kilometrdir. Ermənistan tərəfindən çəkiləcək yolun uzunluğu isə 4 kilometr təşkil edir. Yeni yol dəhliz kimi istifadə olunacaq. Bundan sonra Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçəcək.
  Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Azərbaycan tərəfi aylardır Laçına alternativ yolun tikintisini aparırdı. Analitikin sözlərinə görə, bunu Qarabağ erməniləri, rusiyalı sülhməramlılar və İrəvan da görürdü: “Rəsmi Bakı onu da elan etmişdi ki, yay aylarında alternativ yolun tikintisi başa çatacaq. İrəvan bunu da görür və etiraz etmirdi. Buna baxmayaraq, Nikol Paşinyan dəhlizin Ermənistan hissəsinin tikintisinə başlamırdı. Görünür, o, radikal müxalifətdən və Qarabağdakı erməni separatçılarının haray-həşirindən qorxurdu. İndi isə vəziyyəti özü üçün daha da mürəkkəbləşdirib. Yol hazırdır, Laçını boşaldıb alternativ yoldan istifadə etməlidirlər. Ermənistana uzaqbaşı bir ay güzəşt edilə bilər, yenə məsələni uzatsalar, toqquşma qaçılmaz olacaq”.