Ermənistan bir dövlət kimi intihara hazırlaşır

İrəvanın gələcək taleyini onun havadarları yox, Azərbaycan və Türkiyə müəyyən edəcək

  “Qarabağ işğal altında olduğu zaman Türkiyə haqqın tərəfində idi. Döyüşlər başlayarkən Türkiyə Azərbaycan əsgərini dəstəklədi”. Bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir vurğulayıb ki, qəhrəman Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə, regionda sülh üçün işlərə başlanılıb: “Türkiyə müharibə bitdikdən sonra Qarabağın yenidən qurulmasını dəstəkləyir”. XİN başçısı Ermənistanı təxribatlar törətməkdən çəkinməyə çağırıb: “Biz Ermənistana bir daha xəbərdarlıq edirik ki, yeni təxribatlara əl atmasın. Dost da, düşmən də bilsin ki, Azərbaycan heç bir zaman tək deyil”. 

  Politoloq Azər Qasımov “Şərq”ə bildirib ki, Ermənistanın son hadisələrdən sonra təxribatları təkrarlamasına intihar etmək istəyən insanın psixologiyasına uyğun yanaşmaq lazımdır. Analitik vurğulayıb ki, Ermənistan könüllü olaraq məhv olmaq yolunu tutub və nəyin bahasına olursa-olsun “arzusuna” çatmaq istəyir:

 “Azərbaycan dövləti Ermənistan vətəndaşlarını erməni rəhbərlərindən daha çox müdafiə etməyə çalışır. Ordusunun durumu göz önündə olan bir ölkənin dəfələrlə eyni səhvi etməsinin yeganə adı – intihardır. Bu, siyasət yürütməyi bacarmayan, dövlət kimi formalaşa bilməyən və başqalarından asılı olan bir toplumun son çırpınışlarıdır. 

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Ermənistana xəbərdarlığı əslində onun havadarlarına verilən mesajdır. Nazir demək istəyir ki, Ermənistanı qurban verənlər bu alovun içərisində Azərbaycanı görə bilməyəcəklər. 

Türkiyə və Azərbaycanın bütün siyasətləri bir-birini tamamlayır. Əgər kimlərsə Ermənistanın əli ilə regionda müharibə çıxaracaqlarını zənn edirlərsə, yanılırlar. 

Azərbaycan Ermənistanı elə vəziyyətə salıb ki, onların taleyi tükdən asılıdır. İrəvanın gələcək taleyini onun havadarları yox, Azərbaycan və Türkiyə müəyyən edəcək. 

Əgər Ermənistan normal dövlət kimi regionda “yaşamaq” istəsə, ona şərait yaradılacaq. Yox əgər destruktiv əməllərinə davam etsə, alacağı son zərbə onların sonu, havadarlarının isə peşmanlığı olacaq”.