"Ermənistan dərk etməlidir ki..."

Cümşüd Nuriyev: "Siyasi cığallıqları əhəmiyyətsizdir"

 
  Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə səfərdə olarkən Ermənistan tərəfinin addımlarından, son günlər yaşanan gərgin proseslərdən danışıb. Nazir vurğulayıb ki, müxtəlif bəhanələrlə Ermənistan-Azərbaycan normallaşma prosesinə xələl gətirmək düzgün yanaşma deyil. C.Bayramovun sözlərinə görə, bu, Ermənistanın maraqlarına da cavab vermir: “Ermənistanın, nəhayət, bunu anlayacağına ümid edirik. Bu məsələlər zaman-zaman müzakirə olunur. Elə məqamlar var ki, onlar ictimailəşdirilmir. Amma Azərbaycanın mövqeyi Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan razılaşmaların tam icrasından ibarətdir. Biz həm də işğala son qoyulduqdan sonra sülh müqaviləsinə başlamağı təklif etmişdik. Bunu açıq şəkildə bəyan etməklə öz mövqeyimizi ortaya qoymuşduq. 

Azərbaycanın çağırışı bir il müddətində cavabsız qaldı. 2022-ci ilin əvvəlindən Azərbaycan gələcək sülh sazişi ilə bağlı təməl prinsiplərini ortaya qoydu. Sonra isə bunları Ermənistana təklif etdik. Həmin sənəddə göstərilən bütün maddələr beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə uyğundur”. C.Bayramov vurğulayıb ki, rəsmi İrəvan bu təklifləri ritorik olaraq qəbul etdiyini bildirib: “Lakin praktik olaraq ləngimələr, sülh müqaviləsi üzrə işçi qrupun yaradılmasından yayınmalar var. Biz bütün öhdəliklərimizə hörmətlə yanaşırıq, qarşı tərəfdən də bunu gözləyirik”. 
  XİN rəhbəri bildirib ki, Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq: “Araz çayı üzərində ilk körpünün tikintisinə başlanılıb. Yəni bizim Azərbaycanın digər ərazilərindən Naxçıvana keçmək üçün alternativimiz var. Demək istədiyim odur ki, Ermənistanın prosesi ləngitməsinə baxmayaraq, bu layihə mütləq icra olunacaq. Sadəcə regional əməkdaşlıqdan kənarda qalmamaq üçün indi Ermənistana növbəti şans verilib. İrəvan düzgün qərar qəbul etməsə, ən böyük zərər özlərinə dəyəcək”. 

  Ceyhun Bayramovun mesajlarını “Şərq”ə təhlil edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Ankarada keçirilən 13-cü Səfirlər konfransı Azərbaycan üçün mühüm tribuna oldu. Professor vurğulayıb ki, XİN rəhbəri Azərbaycan dövlətinin mövqeyini bir daha bəyan etdi: 

“Dövlət başçısı İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Ceyhun Bayramov ölkə rəhbərinin mövqeyini yenidən gündəmə gətirdi və Ermənistana növbəti çağırışını etdi. Paralel olaraq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Xarici işlər naziri Mövlud Çavuşoğlu da Azərbaycanın tək olmadığını vurğuladılar. Eyni zamanda İrəvana təxribatlarla bağlı xəbərdarlıq edildi. Zəngəzur dəhlizi bu və ya digər formada işə düşəcək. Azərbaycanla qonşu İranla da memorandum imzalayıb. Yəni rəsmi Bakının alternativ layihəsi də var. Zəngəzur dəhlizi ümumilikdə region ölkələrinin, Rusiyanın da maraqlarına cavab verir. Avqustun 5-də Ərdoğan-Putin görüşündən sonra Kreml dəhlizin açılmasına tərəfdar olduğunu bəyan etdi. Ermənistan dərk etməlidir ki, siyasi cığallıqları əhəmiyyətsizdir. Ermənistan Cənubi Qafqazın cığal uşağı statusunu çoxdan itirib”. 

  C.Nuriyev vurğulayıb ki, Azərbaycanın Xankəndi istiqamətindəki addımlarının səsi eşidilir: 

“Separatçıların Laçına, Zabux kəndinə gedərək oradakı ermənilərə çıxmağı tapşırdığı, onlara avqustun 25-dək vaxt verildiyini deyiblər. Görünən odur ki, Paşinyan hökuməti ağıllanmağa başlayıb və bu yöndə addımlar atmaq istəyir. Lakin Ermənistanın siyasətinə, xüsusən Zəngəzur dəhlizi ilə bağlı məsələyə Moskva ilə yanaşı, İran da müdaxilə edir. Meğri yolunun bağlanması İran-Ermənistan narkotrafikinin qarşısını aldı. Bu da Tehranı qəzəbləndirdi. Hazırda Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb. Fransa kimi kənar güclər də yoxdur. Sadəcə, ABŞ-dakı erməni diasporası hay-küy salır, Azərbaycanı ittiham edirlər”.