Yol hazırdır: Laçın dəhlizi və ətrafı nəzarətimizə keçəcək

Bu, Qarabağa qanunsuz gediş-gəlişin önünü də alacaq

  Laçın şəhəri və Zabux kəndində yaşayan ermənilərə ərazini boşaltmaları üçün avqustun 25-dək vaxt verilib. Separatçı Hayk Xanumyan ermənilərə köç zamanı yardım göstəriləcəyini deyib. Onun sözlərinə görə, Zabux ermənilərinə Ermənistanda, yaxud Qarabağda mənzillər veriləcək. Amma bunun üçün onlardan kənddəki evlərə ziyan vurmamaq tələb olunub. 

Çünki ermənilər öz xislətinə uyğun olaraq Zabux kəndini tərk edərkən yaşadıqları evlərə od vururlar. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Laçın dəhlizinə alternativ yeni yolda işlər yekunlaşan kimi Rusiya sülhməramlı qüvvələrinin həmin yola keçirilməsi nəzərdə tutulur. Məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılmışdı. Yolun ümumi uzunluğu 32 km təşkil edir. Ermənistan həmin yolun öz ərazisinə düşən hissəsinin - Teğ-Kornidzor yolunun yenidən qurulması üzrə işlərə avqust ayında başlayacağını bildirmişdi. Ermənistan Baş naziri Nikol Paşinyan da demişdi ki, Laçın dəhlizinə alternativ yol tikildikdən sonra hazırda ermənilərin məskunlaşdığı Laçın və Zabux kəndləri Azərbaycana təhvil veriləcək. 

  Rusiya Xarici İşlər Nazirliyi də vurğulayıb ki, Laçın dəhlizi məsələsi üçtərəfli razılaşma əsasında həllini tapmalıdır: “Regiondakı vəziyyət hələ də Moskvanın diqqət mərkəzindədir. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ilə bağlı məqam üçtərəfli razılaşma əsasında həll edilməlidir”. 

  Ankara Universitetinin professoru Toğrul İsmayıl “Şərq”ə açıqlamasında bildirib ki, Laçın şəhərinin mərkəzindən kənarda alternativ yolun çəkilişi 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda əksini tapıb. Professorun sözlərinə görə, Laçın rayonu və şəhərin mərkəzi gec-tez Azərbaycanın nəzarətinə keçməlidir: 

“Rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Laçın dəhlizinin ətrafında ermənilər yaşamağa davam edirdi. Ancaq alternativ yolun çəkilişinin başa çatması ilə ermənilərin köçürülməsi prosesinə də start verildi. Əslində bu məsələdə Azərbaycan tərəfi tələsmir və üçtərəfli sazişə əsasən öhdəliklərini icra edir. Amma burada gecikən tərəf Ermənistandır. İrəvan müəyyən bəhanələrlə prosesi dalana dirəməyə çalışsa da, Bakı işi sürətləndirmək üçün əlindən gələni edir. Buna da haqqımız çatır. Azərbaycan öz qanuni torpaqlarında suverenliyi tam bərpa etmək, nəzarəti ələ almaq niyyətindədir.

 Zaman itirmədən həmin ərazilərdə bərpa-quruculuq işlərinə başlanmalı və Böyük Qayıdış həyata keçirilməlidir. Bunlar çox vacib məsələlərdir. Laçın dəhlizi adlanan bölgənin Azərbaycanın nəzarətinə keçməsi Qarabağa qanunsuz gediş-gəlişlərin də önünü alacaq. Yeni yolun istifadəyə verilməsindən sonra Azərbaycan gömrük-keçid postları kimi məsələləri də gündəmə gətirəcək. Bu həm də Zəngəzur dəhlizi məsələsində irəliyə doğru daha bir addım olacaq”. 

  T.İsmayıl bəyan edib ki, Ermənistan öhdəliklərinə əməl etməkdən boyun qaçırır:

 “Eyni zamanda bölgədəki qanunsuz silahlı birləşmələrin çıxarılması prosesi gecikir. Paralel olaraq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində təxribatlara əl atılır, atəşkəs davamlı pozulur. Baş verənlər ümumi gedişatı ləngitsə də, yubatsa da, əvvəl-axır proses irəliyə doğru gedəcək və başa çatacaq. Hər hansı məsələnin reallaşmaması üçtərəfli bəyanatın icra olunmaması və qüvvədən düşməsi ilə nəticələnər ki, bu da ilk növbədə Ermənistanın ziyanına olar. 

Rusiya da üçtərəfli bəyanatın maddələrinin reallaşmasına müsbət yanaşdığını deyir. Daha doğrusu, buna məcbur olduğunu anlayır”.