Kiyev nəticəsiz görüşə qarşıdır

Ukrayna Qərbin sonuncu hərbi yardımından sonra müəyyən psixoloji üstünlük ələ keçirib

  Ukrayna Müdafiə naziri Oleksiy Reznikov Rusiya ilə danışıqların şərtini açıqlayıb. Nazir bildirib ki, Rusiya ilə danışıqlar o zaman mümkündür ki, Ukraynanın tərəfdaşları masa arxasında əyləşsin: “Referendum” keçiriləcəyi halda, heç bir danışıqlardan söhbət getməyəcək. Amma sizə demək istəyirəm ki, rusiyalılarla danışıqlar şansı mümkündür. Tərəfdaşlarımız masa arxasında otursalar, bu, mümkün olacaq”. Reznikov həmçinin xatırladıb ki, “Minsk-3” razılaşmasını əldə etməyin mənası yoxdur. Nazirin fikrincə, Ukraynadakı müharibə Suriya və Koreya senarisi ilə bitə bilməz: “Yeganə variant Ukrayna Silahlı Qüvvələrinin qalib gəlməyinə inanmaqdır. 

Rusiya hələ 2014-cü ildə silahlı münaqişəni dondurmaq şansını əldən verdiyi üçün Ukraynada hərbi əməliyyatlar “Koreya senarisi” ilə bitə bilməz. Həmçinin Suriya senarisi də mümkün deyil. Rusiyanın həm şəxsi heyət, həm də texnika baxımından resursu tükənir. Bizim isə tərəfdaşlarımız var. Bu, kollektiv Qərbdir”. 
Avropa Birliyinin baş diplomatı Jozep Borrell isə deyib ki, Ukraynaya edilən hərbi yardımlar danışıqlar üçün səylər göstərilmədiyi anlamına gəlmir. Onun sözlərinə görə, avropalılar siyasi həll yolunun axtarışında uzunmüddətli münaqişə ilə üzləşməyə hazır olmalıdırlar”. 

Xatırladaq ki, ekspertlər savaşın qış ayında bitəcəyini istisna etmirlər. 

  Politoloq Turab Rzayev “Şərq”ə bildirib ki, Ukrayna Qərbin sonuncu hərbi yardımından sonra müəyyən psixoloji üstünlük ələ keçirib. Analitik bildirib ki, Ukrayna Rusiyanın arxa cəbhədəki obyektlərini hədəf alır:

 “Krımın bombalanması Ukraynanın nə qədər ciddi olduğunu göstərdi. İndiki halda Kiyevin sülhə razılıq verəcəyi inandırıcı deyil. Belə məqamda sülhə imza atmaq, müdafiə nazirinin dediyi kimi “Koreya variantı”na getmək olar. Yəni ölkə yarıdan iki hissəyə bölünər. Yaxud Suriya kimi fərqli qüvvələrin nəzarəti altına düşər. Ukrayna haqlı olaraq bunu istəmir. “Normand dördlüyü” (Rusiya, Ukrayna, Almaniya, Fransa) arasında bir neçə Minsk razılaşması olsa da, nəticə əldə olunmayıb. Ona görə də Kiyev nəticəsiz görüşlər üçün atəşkəsin əldə olunmasına qarşı çıxır. Belə bir atəşkəs Ukraynanın sonu deməkdir. Sülh müzakirələri üçün Ukrayna bir şərtlə masada əyləşər ki, Kiyevin qərbli müttəfiqləri – ABŞ və Böyük Britaniya da onunla birgə olsunlar. Moskva da buna isti baxmır. Kreml Fransa və Almaniya kimi Avropa ölkələrinin masada olmasına göz yuma bilər. Bunun da səbəbi odur ki, həmin ölkələr Rusiya əleyhinə ciddi fəaliyyət göstərmirlər. Ukrayna cəbhələrdə hərbi üstünlük əldə etmədən müharibəni dayandırmağı düşünmür”.