Rəisi-Paşinyan söhbəti prosesə mane ola bilməyəcək

Rusiya Zəngəzur dəhlizinə qarşı çıxan Tehrana razılaşmanı pozmağa imkan verməyəcək

Ötən gün İran Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Telefon danışığı zamanı tərəflər qarşılıqlı əlaqələri müzakirə ediblər. İbrahim Rəisi bildirib ki, iki ölkə arasında dərin tarixi əlaqələr mövcuddur. Tehran və İrəvan arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılması zəruridir: “Üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması və qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olmasının ən yaxşı yoludur”. 

Paşinyan telefon danışığı zamanı Azərbaycanla sərhəddə baş verən qarşıdurmalar barədə məlumat verib. Ermənistanın baş naziri Tehran-İrəvan əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və ölkəsinin iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmağa, infrastruktur, o cümlədən yol və enerji sahələrində əməkdaşlığı artırmağa hazır olduğunu vurğulayıb. 

  Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, Rəisi və Paşinyan arasında telefon söhbəti təkcə Ermənistanı “qırmızı xətti” elan edən Tehranın İrəvana “qardaşlıq zəngi” deyil. Analitikə görə, bu zəng həm də son proseslər, xüsusilə Rusiyanın Mehri-Əkərək yolunda yeni postlar qurması fonunda diqqət çəkir: 

“İrəvan və Moskvanın rəsmi açıqlamalarında postların iki ölkə arasındakı müqaviləyə əsasən atıldığı deyilir. Rusiya tərəfi isə əlavə edir ki, “son dövrlər İrandan Ermənistana narkotik və digər qanunsuz daşıma cəhdlərinin artmasına” görə bu qərar verilib. Hətta “silah, qumbaratan və külli miqdarda döyüş sursatının aşkarlanması” faktından da bəhs edirlər. Əsaslandırmaq şübhəlidir, hadisələrin inkişafı da bu şübhələri artırır. Tehranda keçirilən Ərdoğan-Putin-Rəisi zirvəsində Yaxın Şərq əsas mövzu olsa da, üçtərəfli əməkdaşlığın Cənubi Qafqaz bölgəsində də davam etdirilməsi, xüsusilə “3+3” formatının inkişafı ilə bağlı məsələlər həll edilməli idi. Lakin İran Suriya məsələsində olduğu kimi, Zəngəzur dəhlizinin açılmasına qarşı da Xomneyinin saxta “min illik yol” iddiasına əsaslanan “separat” mövqe sərgilədi. Ərdoğan Tehrandan sonra Soçiyə - Putinlə görüşə getdi. Tərəflərin razılaşmaları Moskva və Ankaranın Tehransız hərəkət planının olması ehtimalını önə çıxardı”.
  Ekspert vurğulayıb ki, bu iki görüşdən sonra Rusiya Mehri-Əkərək istiqamətində, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə əlavə postlar qurmağa başladı: “Moskvanın bu addımı iki hədəfə hesablanıb. Birincisi, Zəngəzur dəhlizinə qarşı çıxan Tehrana razılaşmanı pozmağa imkan verməyəcəyi göstərir. Rus sərhədçilərin “İrandan gələn təhlükələrə” görə postlar qurması da bu mesajın verilməsinə hesablanıb. İkincisi, sərhədçilərini dəhlizin keçəcəyi istiqamətdə yerləşdirməklə nəzarəti gücləndirir. 10 noyabr razılaşmasının 9-cu bəndinə görə, Ermənistan Azərbaycana Naxçıvanla “maneəsiz keçid” verməli, həmin yolun təhlükəsizliyini Rusiya hərbçiləri təmin etməlidir. İstisna deyil ki, Rusiya Zəngəzur dəhlizinin razılaşmaya uyğun açılmasının logistikasını formalaşdırır. Paşinyana Xomneyinin Ərdoğana dediklərini xatırladan Rəisi də baş verənləri anlamaq, həm də “separat” mövqeyini gücləndirmək istəyir”.