“Nüvə silahı Rusiyanın ərazisini, müstəqilliyini qoruyan yeganə vasitədir. Bunu yaddan çıxarmamalıyıq"
Təqaüddə olan amerikalı general-leytenant, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hodces "Twitter" bildirib ki, Rusiya Federasiyasının sonunun başlanğıcını izləyirik:
"Buna hazır olmaq lazımdır. Biz SSRİ-nin dağılmasına hazır deyildik".
Bu barədə "Sherg.az"a danışan siyasi şərhçi, jurnalist Fuad Abbasov qeyd edib ki, ABŞ generalının açıqlamasında əlbəttə ki, həqiqət var:
"Lakin nəzərə almaq lazımdır ki, Rusiyanın dağılmağa başlaması onun dünya iqtisadiyyatından tamamilə çıxarılması, enerji resurslarının Avropaya ixrac edilməsinin dayandırılması və federasiyanın yerində çoxsaylı kiçik respublikaların yaradılması kimi məsələlərə hazırlıqsız nail olmaq mümkün deyil. SSRİ-nin dağılması da birdən-birə olmayıb. ABŞ prezidenti Ronald Reyqan hətta ondan əvvəlki dövlət rəhbərləri də SSRİ-nin dağılması üçün "dəridən, qabıqdan çıxırdılar".
Nəticə etibarilə Qarbaçovun R.Reyqanla görüşməsindən, yenidenqurmanın, milli mübarizələrin, millətlərarası münaqişələrin başlanmasından sonra SSRİ-nin süqutunun şahidi olduq. Amma Rusiyanın Ukrayna savaşına görə dağılması müzakirə mövzusu deyil. Əks halda hazırlıqların şahidi olmalı idik.
Rusiya Federasiyasının nüvə silahını istifadə etmədən dağılmaq niyyəti yoxdur. Bunu prezident Vladimir Putin bir neçə dəfə bəyan edib.
O, Rusiyanın ərazi bütövlüyünə, suverenliyinə qarşı hər hansı addım atılsa, ölkənin nüvə silahının olduğunu unutmayın, deyərək, dəfərlərlə açıqlama verib.
Nüvə silahı Rusiyanın ərazisini, müstəqilliyini qoruyan yeganə vasitədir. Bunu yaddan çıxarmamalıyıq".