"Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın ABŞ-a edəcəyi səfər daha çox BMT sammiti çərçivəsində olduğuna görə, bir yox, bir neçə görüş keçiriləcək".
Bu barədə "Sherg.az"a siyasi şərhçi Turab Rzayev bildirib. Onun sözlərinə görə, adətən bu cür tədbirlərdə, NATO, BMT kimi təşkilatların keçirdiyi sammitlərdə bütün dövlət liderləri bir arada toplandığı üçün ardıcıl görüşlər təşkil edilir:
"ABŞ səfərində də Ərdoğanın ən azı on ölkə rəhbəri ilə qısa və ya uzunmüddətli görüşləri keçiriləcək. Türkiyənin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalın, Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ərdoğanın ABŞ prezidenti Co Baydenlə görüşünü təşkil etməyə çalışacaqlar. Daha əvvəllər buna NATO çərçivəsində nail oldular. Lakin uzun müddətdir, hər iki lider bir yerə toplana bilmirdi.
ABŞ və Türkiyə arasında son illər fikir ayrılıqları var. Amma bir çox məsələlərdə, həm NATO üzvü kimi, həm Yaxın Şərqdə və Qara dəniz hövzəsində, Ukraynada, Balkanlardakı hərbi məsələlərlə bağlı bu müzakirələrə ehtiyac yaranıb.
Ənənəvi olaraq, Türkiyənin ABŞ-da ən yaxın münasibətləri olan qurum Pentaqon, Ağ Ev, Konqresdir. Konqresdə adətən yunanpərəst, ermənipərəst, yəhudi lobbisinin, liberal və demokratın təsiri altında antitürkiyə mövqeyi hökm sürür.
Ötən dəfə də Bayden administrasiyası ilə müəyyən irəliləyiş əldə olundu. Lakin Konqres əlavə şərtlər qoymaqla buna maneəçilik törətdi. Bu dəfə də toplantı keçirilməsinə cəhd ediləcək".
Qeyd edək ki, səfər sentyabrın 17-dən 22-dək olan müddətdə planlaşdırılıb.