“Düşünürəm ki, istənilən halda Rusiyanın üzərində təzyiqi artırmalıyıq”
“Rəsmi Moskva sülhməramlıların yerləşdiyi bölgədə təxribatların birdəfəlik qarşısını almalıdır”
"Azərbaycan-Ermənistan sərhədindəki məsələ ilə bağlı Rusiyanın mövqeyi də təəccüblüdür. Çünki münaqişə bitən kimi sərhədlərin delimitasiya və demarkasiya prosesinə nəzarət etdiyi barədə açıqlama verdi. Belə çıxır ki, Rusiya əslində bölgədə sülh yaradıcısıdır. Eyni zamanda iki ölkə arasındakı sərhədlərdə təhlükəsizliyin, sabitliyin yeganə qarantisinin özü olduğunu bildirib".
"Sherg.az" xəbər verir ki, bu sözləri siyasi şərhçi Turab Rzayev deyib. Onun sözlərinə görə, digər şübhəli məqam münaqişə bitər-bitməz Robert Köçəryan və Serj Sarkisyan cütlüyünün Ermənistandakı keçmiş "Qarabağ klanı"nın qalıqları barədə açıqlamaları cəmiyyətə yayıldı:
"Aydın oldu ki, sanki öncədən bilirlərmiş kimi, buna hazırlaşıblar. Bütün baş verənlər Rusiya ilə razılaşmanın olduğunu göstərir. Həmçinin rəsmi Moskva bu təxribatın arxasında duran imic formalaşdırır. Paşinyanın ən son məhz Vladivostokda Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü nəzərə alsaq, deməli, müəyyən müzakirələr, razılaşmalar əldə edilmiş ola bilər. Lakin Paşinyanın son açıqlamaları, yəni KTMT-dən lazımi yardım alınmazsa, təşkilatdan çıxmaları, Ermənistanın Qərbə və ya digər ölkələrə müraciət etməsi ilə bağlı bizə məlum olmayan məqamlar var. Paşinyan sanki Ermənistandan rus qoşunlarını çıxarmaq istəyirmiş kimi qəribə bir vəziyyət yaradır. Düşünürəm ki, istənilən halda Rusiyanın üzərində təzyiqi artırmalıyıq.
Rəsmi Moskva sülhməramlıların yerləşdiyi bölgədə təxribatların birdəfəlik qarşısını almalıdır. Çünki provokasiyaların baş verməsində Kreml məsuliyyət daşıyır. Eyni zamanda rəsmi Moskva sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əlində olan xəritələri verməlidir. Vaxtaşırı Rusiya Müdafiə naziri Sergey Şoyqu Azərbaycanın sülhməramlıların yerləşdiyi əraziyə atəş açdığı barədə məlumatlar yayır. Eyni şəkildə də biz Rusiyanın açıq formada Ermənistanın Azərbaycana təcavüzünü, təxribatlarını qınayan bəyanatlarını gözləyirik. Əks halda Rusiya öz neytrallığını, sülh yaratma missiyasını bir növ itirmiş hesab olunacaq".
Qeyd edək ki, Rusiya XİN Azərbaycan və Ermənistan sərhədindəki gərgin vəziyyətlə bağlı bəyanat yayıb. Rəsmi məlumatda göstərilir ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan sərhədindəki durumun kəskin şəkildə gərginləşməsindən narahatdır.