"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı ermənilərin bütün ümidləri boşa çıxdı".
Bu sözləri "Sherg.az"a açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev bildirib. Partiya rəhbəri qeyd edib ki, faktiki olaraq, bu bölgənin gələcək strategiyası ilə bağlı atılan addımların fərqində olmalı idilər:
"Bildiyimiz kimi, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında 15 iyun “Şuşa bəyannaməsi” imzalanıb. Bu da bütün türk dilli dövlətlərinin birləşməsi anlamı daşıyır.
Yeni əlaqələr formalaşdırır. 44 günlük müharibə dövründə də rəsmi Ankara, Pakistan, dövlətimizin yanında idi. Türkiyə - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, gələcəkdə Türkmənistan arasında əlaqələrin genişləndirilməsinin yolu Azərbaycandan keçir. Ermənistanın isə sərhədboyu törətdiyi təxribatlara cavab vermək üçün bütün türk dövlətləri ölkəmizi dəstəkləməlidir. Milli birliyimiz olmalıdır ki, kənar qüvvələrə, təsirlərə qarşı birgə mübarizə aparaq.
Türk toplumlarının gələcək taleyi türk dövlətlərinin daha da yaxınlaşması və dövlətimizin yanında olmasından asılıdır. Faktiki olaraq, rəsmi İrəvanın gərginlik yaratdığına şahidlik edirik.
Burada düşmən ölkənin Fransa ilə münasibətləri ortaya çıxır. Bütün türk xalqları həmrəy olmalıdır. Biz bütöv şəkildə güclüyük, Tanrı türkü - Azərbaycanı qorusun!".