“Bilirik ki, Qazaxıstan parlament seçkiləri ərəfəsindədir. Gələn il səsvermə yolu ilə prezident seçiləcək”
“Tokayev əlbəttə ki, əhalinin simpatiyasını qazanmaq niyyəti güdür”
"Uzun müddətdir ki, Qazaxıstan əhalisi, ələlxüsus da şəhər ictimaiyyəti paytaxt adının dəyişdirilməsi ilə bağlı məsələ qaldırır".
Bu sözləri "Sherg.az"a politoloq İlqar Vəlizadə bildirib. Onun sözlərinə görə, şəhərin adı Astana əvəzinə Nur-Sultan olsa da, yerli sakinlər özlərini astanaçılar adlandırırdılar:
"Yəni cəmiyyətdə bu ad daha çox kök salıb. Vətəndaşların böyük hissəsi məişətdə, aralarında şəhəri məhz Astana adı ilə dilə gətirirdilər. Qazaxıstanda son hadisələr, siyasi olaylar Nur-Sultan Nazarbayevin şəxsi pərəstiş obrazını bir qədər azaldıb. Digər tərəfdən də daxili siyasi dəst-xətt dəyişilib.
Bu səbəbdən prezident Kasım Tokayev ictimaiyyətin istəklərini nəzərə alaraq, belə bir qərarla çıxış edib. O, atdığı addımla xalqın yanında olduğunu ifadə edir. Əhalinin fikirləri Qazaxıstan prezidenti üçün önəmlidir. Həmçinin ölkə vətəndaşlarının arzusunu yerinə yetirməyə hər zaman hazırdır. Bu, vacib bir mesajdır. Çünki bilirik ki, Qazaxıstan parlament seçkiləri ərəfəsindədir. Gələn il səsvermə yolu ilə prezident seçiləcək. Tokayev əlbəttə ki, əhalinin simpatiyasını qazanmaq niyyəti güdür. Paytaxt adının yenidən dəyişdirilməsi haqqında imzaladığı qanununu da ona rəğbət bəslənilməsi məqsədi ilə əlaqələndirmək olar".
Qeyd edək ki, Qazaxıstanın paytaxtı rəsmi olaraq, yenidən Astanadır. Bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev qanun imzalayıb.