Sülh sazişindən sonra Qarabağdakı ermənilər Azərbaycan qanunlarına tabe olacaqlar
Prezident İlham Əliyev növbəti dəfə Qarabağ ermənilərinin taleyi ilə bağlı məsələyə toxunub və bu barədə Praqa görüşündə tərəflər arasında fikir mübadiləsi aparıldığını xatırladıb.
Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasında açıq şəkildə bəyan edib ki, bizim mövqeyimiz aydındır, dəqiqdir: “Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə "Şərq"ə açıqlamasında deyib ki, Qarabağdakı erməni əhalisi birinci Qarabağ müharibəsi başlayana, Ermənistan Azərbaycan torpaqlarını işğal edənə qədər birmənalı olaraq Azərbaycan vətəndaşlığını qəbul etmişdilər. Sonrakı illərdə onlar hansı ölkənin vətəndaşlığını qəbul ediblərsə, bu, öz işləridi:
"Amma bu ermənilər faktiki olaraq bizim torpaqlarımızda yaşayırlarsa, bizim ölkənin qanunlarına tabe olmaq məcburiyyətindədirlər. Yəni Azərbaycanda "ikili vətəndaşlıq" anlayışı olmadığı üçün onlar faktiki Azərbaycan vətəndaşı sayılırlar.
Azərbaycana təbii ki, Qarabağda ermənilərlə bağlı vəziyyəti həll etmək lazımdır. Prezident İlham Əliyev öz çıxışlarında onların ayrıca statusa malik olmayacağını, lakin Azərbaycan Respublikası Konstitusiyasının müddəaları çərçivəsində bütün hüquqlarının və təhlükəsizliklərinin təmin ediləcəyini dəfələrlə bildirib.
Azərbaycan vətəndaşlarının sahib olduğu bütün hüquq və bərabərlik Qarabağ ermənilərinə də şamil ediləcək".
Ç.Qənizadə hesab edir ki, ölkə başçısı haqlı olaraq növbəti dəfə MDB Dövlət Başçıları Şurasının iclasında bu məsələyə toxunub və Azərbaycanın öz daxili məsələlərini heç bir tərəflə müzakirə etməyəcəyini açıq şəkildə bəyan edib:
"Artıq Ermənistan və ona havadarlıq edən qüvvələr də başa düşməlidir ki, Qarabağ Azərbaycandır. Orada məskunlaşan ermənilər də Azərbaycan vətəndaşı olduğu üçün bu məsələ bizim daxili işimizdir.
Praqa görüşündən sonra artıq erməni rəsmiləri də bununla razılaşmaq məcburiyyətində qaldıqlarının fərqinə varıblar. Bu istiqamətdə Ermənistan cəmiyyətinin sülh razılaşmasına hazırlıq prosesi gedir. Beynəlxalq proseslər və geosiyasi reallıqdan nəticə çıxaran Ermənistan yaxşı bilir ki, Qarabağdakı ermənilərin statusu məsələsinə onların müdaxiləsi yolverilməzdir.
Praqadakı dördtərəfli görüşdə imzalanan bəyanat və xüsusilə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması da göstərir ki, Azərbaycanın Qarabağla bağlı dəyişməz mövqeyini beynəlxalq güclər də qəbul edib və artıq Ermənistan üçün ümid yeri qalmayıb.
Azərbaycanın istəyinə və beynəlxalq hüquq normalarına uyğun formatda sülh sazişi imzalandıqdan sonra Qarabağdakı erməni əhalisi ya Azərbaycan vətəndaşlığını yenidən qəbul edib konstitutsiyamızın tələblərinə əməl edəcəklər, ya da bölgəni tərk edib vətəndaşı olmaq istədikləri ölkənin ərazilərində yaşayacaqlar".