"Füzulidən Şuşaya qədər ərazilər yerlə bir edilib"

Fuat Oktay: "Azad edilmiş ərazilərdə erməni vəhşiliyinin şahidi olduq"


  "Prezident İlham Əliyev Azərbaycan-Türkiyə strateji əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün tapşırıqlar verib". Bunu baş nazir Əli Əsədov Şuşada Türkiyənin vitse-prezidenti Fuat Oktayla mətbuat konfransında deyib. Baş nazir, Prezident İlham Əliyevin Fuat Oktayı qəbul etdiyini xatırladıb: “Bu görüş zamanı Azərbaycan-Türkiyə strateji əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün tapşırıqlar verilib. O tapşırıqlar Azərbaycan hökuməti qarşısında da qoyulub. Biz iki gün ərzində indiyə qədər qazanılmış nailiyyətləri daha da sürətləndirmək üçün işləri planlaşdırdıq. Gələcəkdə onları reallaşdırmaq üçün ciddi fəaliyyət planımız mövcuddur”.

"Təbii olaraq, vaxt baxımından bütün məsələlər həll edilməyib"

  Baş nazir Fuat Oktayın dəvəti ilə Türkiyəyə səfər etdiyini də xatırladıb: "Keçən ilin fevral ayında ilk olaraq Hökumətlərarası Komissiyanın iclası keçirildi. Hökumətlərarası Komissiya tərəfindən qarşımıza qoyulan məsələlərin əksər hissəsini həll etmişik. Təbii olaraq, vaxt baxımından bütün məsələlər həll edilməyib. Amma biz güclərimizi toplayaraq qalan məsələləri yəqin ki, yaxın zamanlarda həll edəcəyik. Bir neçə gün sonra biz Zəfər Gününü qeyd edəcəyik. 29 oktyabr tarixində isə Türkiyə Cümhuriyyətinin milli bayramı kimi qeyd olunub. Fürsətdən istifadə edib bir daha bütün türk xalqını bu milli bayram münasibətilə təbrik etmək istərdim”. Əli Əsədov Türkiyənin 44 günlük müharibə dövründə ilk dəqiqələrdən Azərbaycan xalqının yanında durduğunu xüsusilə vurğulayıb: “Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, cənab Fuad Oktay, Türkiyə rəhbərliyi və bütün türk xalqı Azərbaycan xalqının yanında durdu. Azərbaycan xalqı o günləri heç vaxt yadından çıxarmayacaq”.

"Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyəyə çatıb"

  Baş nazir deyib ki, 2021-ci ilin iyun ayının 15-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşada ilk dəfə olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

  Baş nazir bildirib ki, dövlət başçıları tərəfindən həmin gün imzalanmış Şuşa Bəyannaməsi isə Azərbaycan və Türkiyə arasında dünya miqyasında görünməmiş dostluq, qardaşlıq, tərəfdaşlıq və həmrəyliyin zirvəsinə çevrilərək ikitərəfli münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə qaldırıb: “Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı xalqlarımızın ortaq milli mənəvi dəyərlərindən və ənənələrindən güc alır. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyəyə çatıb. Dövlət başçılarımızın arasında mövcud olan səmimi dostluq və qardaşlıq münasibətləri, inam və etimad Azərbaycan və Türkiyə əlaqələrinin uğurlu inkişafına müsbət təsir göstərən ən vacib amildir. Ölkələrimiz arasında müttəfiqlik münasibətləri bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf etməkdədir. Hesab edirəm ki, cənab Fuat Oktayın səfəri bunun bariz nümunəsidir. Səfər çox uğurlu keçir”.

"Şuşamız artıq dövlət başçılarının görüşünə ev sahibliyi edir"

  Əli Əsədov deyib ki, müqəddəs Şuşamızı ziyarət etmək bu illər ərzində hər birimizin arzusu olub: "Bu xoşbəxtliyi bizə nəsib edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, həmçinin rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz olub. 2020-ci ilin noyabrın 8-də tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhəri erməni işğalçılarından azad olub. Azərbaycan 44 günlük Vətən müharibəsində uğurlu əks-hücum əməliyyatı ilə ən mühüm tarixi hadisəni və böyük hərbi qələbəsini qazandı. Eyni zamanda, müharibənin gedişinə və taleyinə həlledici təsir göstərən Zəfər günü kimi tariximizə yazıldı. Bir neçə gündən sonra Azərbaycan xalqı və Azərbaycan xalqına yaxın olan bütün bəşəri vətəndaşlar bu Zəfər Gününü bizimlə bərabər qeyd edəcəklər. Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan Şuşamız artıq ən yüksək səviyyədə dövlət başçılarının görüşünə ev sahibliyi etməyə başlayıb”.


"Şairlər, yazarlar, musiqiçilər, qəhrəmanlar, alimlər şəhəri Şuşadayıq"

  Türkiyənin vitse-prezidenti Fuat Oktay Şuşada bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın törətdiyi vəhşiliklərin şahidi olduq: "Füzulidən Şuşaya qədər ərazilər yerlə bir edilib". O qeyd edib ki, azərbaycanlıların qovulduğu ərazilərdə ot belə bitmirdi və bütün dünya bunun şahidi olmalıdır. Oktay, həmçinin azad edilmiş ərazilərdə Azərbaycanın həyata keçirdiyi yenidənqurma işlərindən çox məmnun olduğunu qeyd edib: “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası ilə bağlı Azərbaycanda, Şuşadayıq. Şairlər, yazarlar, musiqiçilər, qəhrəmanlar, alimlər şəhəri Şuşadayıq”. Fuat Oktay bu günlərdə Azərbaycanın Zəfərinin ikinci ildönümünün qeyd olunacağını xatırladıb: “Azərbaycanda, xüsusən Şuşada tək millət olmağın nə demək olduğunu bir daha hiss etdik”.