"İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək".
Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.
Ölkə başçısı bildirib:
"Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər".
Cənab prezidentin 8 noyabr Zəfər bayramında Şuşadakı çıxışında Ermanistana və onun havadarlarına verdiyi mesajın, çox mühim əhəmiyyət kəsb etdiyini deyən millkət vəkili Arzu Nağıyev “Sherg.az”a bildirib ki, bununla revaşıstlər öz yerlərini bilmiş olacaqlar:
“Bu ordu quruculuğu ilə bağlı mesaj idi ki, Ermənistanın ordusu haqda yaratdığı mif darmadağın olduqdan sonra yenidən hansısa revanşist ideaları ortaya çıxarsa, öz qarşısında güclü Azərbaycan ordusunu görəcəkdir.
Bu gün Azərbaycan silahlı qüvvələri ən müasir silahlarla təchiz olunmuş və hibrid müharibəni apararaq 44 günlük Vətən savaşında zəfər qazanmış bir ordudur. Ordunun daha da güclənməsi istiqamətində isə mühüm işlər aparılır.
Həm NATO standartlarına uyğun, həm də digər istiqamətlərdə Azərbaycan ordusunun formlaşması davam edir və edəcəkdir də”.
Parlamentari qeyd edib ki, buradakı digər məsələ isə iqtisadi proseslərlə bağlıdır:
“10 Noyabr sazişinin imzalanmasına baxmayaraq hələ də ermənilər Zəngəzur dəhlizi ilə bağlı heç bir addım atmayıb. Sözügedən sənədi imzalayan hər bir dövlət rəhbəri öz imzasına hörmətlə yanaşmalıdır. Yəni Kreml bu məsələnin həlli üçün, İrəvana daha böyük təzyiqlər etməlidir. Əks halda bunun acı nəticəsini tək region yox, bütün beynəlxalq aləm görəcək. Çünki biz BMT qətnamələrini hərbi yolla icra edə bilmişiksə, bu istiqamətdə də addım atmaq imkanına sahibik. Ancaq biz hərtərəfli şəkildə sülhün tərəfdarıyıq və delimitasiya məsələsinin həll edilməsini istəyirik.
Bunun üçün isə ciddi addımlar atırıq. Baş nazirlərin müavinləri səviyyəsində aparılan görüşlər, delimitasiya və demarkasiya ilə bağlı komissiyaların apardığı işləri göz qabağındadır.
Bizə aid olan müddəaların hamısı yüksək səviyyədə həll olunur. Sülhün bərqərar olmasında isə bütün tərəflərin əməyi olmalıdır. Yoxsa kimə isə güvənib addımlar atmaq yolverilməzdir.
Onların hansı addımlar atmağına baxmayaraq Qarabağ Azərbaycandır və artıq bu məsələ bitib. Problemlər isə yalnız Ermənistanla Azərbaycan arasında qalıb. Bunun həlli üçün isə addımlar atılacaqdır.
Bütün bunları prezident öz çıxışlarında qəti şəkildə ifadə etdi. Ölkəmizin başçısı Ali Baş Komandan kimi ordunun qətiyyətini göstərərək onun hər bir məsələdə həlledici ola biləcəyindən danışdı və gələcəkdə böyük qayıdışın həyata keçməsi üçün bütün addımların atıldığını dünyaya bildirdi".