İranın düşmən siyasəti öz başında çatlayacaq - Son çırpıntılardır

  İrandakı fars-molla rejiminin Azərbaycana xəyanətinin, qərəzli münasibətinin, uğurlarımıza qısqanclıqla yanaşmasının dəfələrlə şahidi olmuşuq. Son dönəmlər isə Tehran rejimi ölkəmizə və xalqımıza qarşı xainliyini bütün çılpaqlığı ilə ortaya qoymaqda, kin-küdurətini, aşırı nifrətini açıq düşmənçiliklə sərgiləməkdədir. İranın şah rejiminin ötən əsrin başlanğıcında Səttarxan, həmin yüzilliyin 20-ci illərində Məhəmməd Xiyabani, 40-cı illərin ortalarında 21 Azər hərəkatlarını o zamanlara qədər dünya tarixində misli görünməmiş qəddarlıq və amansızlıqla yatırdığı yaddaşlardan silinməyib. 1979-cu ildə qurulan fars-molla rejimi soydaşlarımıza qarşı aqressiv münasibətdə heç də sələflərindən geridə qalmadığını isbatladı. Molla rejiminin təmsilçiləri müstəqilliyimizin bərpasının ilk onilliklərində Azərbaycana münasibətdə nisbətən “malalama” siyasətinə üstünlük verirdilər. Kin-küdurətlərini çox vaxt sətiraltı sözlərlə ifadə edirdilər. Ancaq indi “müsəlman" maskası yırtılmış İranın əsl sifəti ortalıqdadır. Fars rejimi özü də nəyəsə “bər-bəzək ” vurmağa, gözlə açıq-aydın görünən real münasibətləri “malalamağa” ehtiyac duymur. İranın şovinist millətçi dairələri heç vaxt Azərbaycana münasibətdə səmimiyyət nümayiş etdirməyiblər. Əksinə, fürsət düşən kimi əbalarının altında gizlətdikləri zəhərli xəncəri kürəyimizə sancıblar. 30 il ərzində Ermənistanla davam etmiş münaqişə öz yerində, bir yandan da İran ölkəmizə qarşı daim destruktiv mövqe, soyuq münasibət ortaya qoyub. Bu soyuqluğu doğuran əsas faktor isə İranın Azərbaycan dövlətinə qarşı əsassız iddialarıdır. Halbuki, məhz tarixi, dini və mədəni bağları olan iki ölkə qarşılıqlı hörmət və ehtirama əsaslanan münasibətlər qura bilərdi. Amma İran səmimi dostluq və mehriban qonşuluq siyasətini deyil, rəsmi Bakıya qarşı qısqanclıq, qərəz və açıq-aşkar təxribat yolunu seçdi. Bunu hələ Birinci Qarabağ müharibəsinin gedişində görmək mümkün idi. Azərbaycanla dini həmrəylik nümayiş etdirmək əvəzinə, fars rejimi işğalçı Ermənistanla 35 kilometrlik sərhəd xəttini nəinki bağladı, işğalçıya iqtisadi və hərbi dəstək verdi. Bu azmış kimi, 1994-cü ildə imzalanmış müvəqqəti atəşkəsdən sonra Azərbaycanın işğal altındakı ərazilərinin talanmasında rol oynadı. Məsələnin ən acı və utancverici tərəfi isə "şiə təriqəti"nin müdafiəçisi kimi çıxış edən İran rejiminin Qarabağdakı məscidlərin viran edilməsi, dağıdılması, tövlə kimi istifadə olunmasına və s. vandalizm aktlarına göz yumması idi. 2019-cu ilin iyununda "Part Saman Jahan Co" adlı İran şirkəti Şuşadakı tarixi Yuxarı Gövhər Ağa məscidinin "təmir işlərinə" cəlb edildi. Daha sonra bu məscid "İran məscidi" kimi təqdim olunmağa başlandı. İranın hər vəchlə reklam etdiyi "dini həmrəylik" şüarları reallıqda bunun tam əksini göstərirdi. Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı bəzi müsəlman ölkələrinin rəhbərlərinə açıq mesaj yolladı. Dövlət başçısı qeyd etdi ki, məscidləri dağıdan ermənilər müsəlman ölkələri ilə dost ola bilməz: "Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik".
  Fars rejiminin saxta dinçiliyi, "qonşuluq" münasibəti və qeyri-səmimiliyi özünü 44 günlük Vətən müharibəsinin gedişində və sonrakı mərhələdə də açıq büruzə verdi. Müharibə zamanı İrandan Ermənistana silah-sursat daşıyan hərbi karvanlar, ölkənin Ermənistana hərbi yüklərin daşınması üçün hava məkanını bağlamaması və s. faktlar İranın münaqişədə kimin tərəfində olmasının bariz nümunəsi idi. İran anti-Azərbaycan əməllərini müharibədən sonra da davam etdirdi. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərə yükdaşımalar həyata keçirdi. Qarabağdakı separatçı tör-töküntülərinə hər cür dəstək verdi. Yalnız Azərbaycan dövlətinin müdaxiləsindən və qətiyyətindən sonra ifşa olunaraq çətin vəziyyətə düşən Tehran rejimi bu əməlindən geri çəkilməyə məcbur qaldı. Tehran rejiminin, xüsusən, onun media qurumlarının da Azərbaycanın Zəfərini həzm edə bilmədiyi göz önündədir. İran gah Zəngəzur dəhlizinə qarşı çıxır, gah sərhədlərin toxunulmazlığının “qırmızı xətt” olduğunu deyir, gah qaçaqaçla Qafanda suvağı qurumamış binada "baş konsulluğun" açılışını edir, gah da Şirazda törədilmiş terror aktının Azərbaycan tərəfindən "planlaşdırıldığını" iddia edir. Əslində Tehran rejimi hər sahədə ifşa olunduğunu görür, Azərbaycanın düşmənləri ilə dost münasibətlərinin üzə çıxmasından əndişələnir, məhz ona görə əsl simasını gizlədə bilmir. Nəticədə Azərbaycan dövlətini, onun rəhbərliyini, mətbuatını hədəfə alan addımlar atır. Ölkəsində baş verən narazılıqları, bir neçə aydır davam edən etiraz aksiyalarını, toqquşmaları gözardı edən İran mətbuatı Azərbaycanın media qurumlarının, onun rəhbərlərinin ünvanına təhqirlər, hədələr yağdırır. İrandakı etiraz aksiyalarının Azərbaycan mediasında işıqlandırılması, Azərbaycan mətbuatının Güney Azərbaycanda baş qaldıran hərəkata olan marağı Tehran mediasını və molla rejimini qıcıqlandırır. Lakin Tehran artıq çoxdan anlamalıydı ki, Azərbaycan artıq 30 il əvvəlki zəif və gücsüz ölkə deyil. Azərbaycan dövləti bu gün nəinki öz vətəndaşlarının qayğısına qalır, onların rifahı üçün çalışır, həm də bütün dünyadakı, o cümlədən Güney Azərbaycandakı soydaşlarımızın hüquqlarını da müdafiə etmək qüdrətindədir. Etiraz aksiyalarından da görünür ki, güneydə soydaşlarımız artıq öz hokumətlərinin qurulmasını istəyirlər. Molla rejimi isə on illərdir yürütdüyü zorakılıq siyasətinə davam edir, öz vətəndaşını əzir, türklərin əleyhinə olan kim varsa, hamısı ilə əməkdaşlıq edir. İranda rəsmi rəqəmlərə görə, 80 min erməni yaşayır və onların məktəblərinin sayı 50-dən çoxdur. Buna paralel olaraq digər tədris və təhsil müəssisələri var. Üstəlik, erməni dilində kitablar sərbəst şəkildə yayılır. Bunun əksinə, Tehran rejimi milli və mədəni hüquqlarını, Azərbaycan türkcəsini tələb edən soydaşlarımıza qarşı repressiv siyasət həyata keçirir. Halbuki, İranda yaşayan türklər İran adlanan ölkənin əsas etnosudur. Türklər İran qanunnaməsində "etnik azlıqlar" kimi qəbul olunsa da, reallıqda etnik çoxluqdur. İranda hakimiyyəti ələ keçirənlər isə azlıqda olan şovinist farslardır. Fars-molla rejimi şovinizmə söykənərək soydaşlarımızı sıxışdırır, onun milli hüquqlarını tapdalayır, Azərbaycan dilinin inkişafına, cəmiyyətdə aparıcı mövqedə olmasına imkan vermir. Bu haqsızlıqlara etiraz edən azərbaycanlılar isə ən ağır cəzalara məruz qalırlar. Onların içində qətlə yetirilənlər, uzun müddət həbsə məhkum edilənlər və hansısa bir yolla canını götürüb xaricə mühacirət edənlər də var. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı bu məsələni xüsusi qabartdı. Ölkə rəhbəri vurğuladı ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir: "Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb". Dövlət başçısı qeyd etdi ki, türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır: "Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur". Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini vurğulayan Prezident bildirdi ki, biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyik. İran rejimi dövlət başçısının mesajlarından düzgün nəticə çıxarmağı bacarmalıdır. Fars-molla hökuməti qətiyyən unutmasın ki, İrandan qat-qat güclü ölkələrin iradəsinə rəğmən öz torpaqlarımızı işğaldan azad etmişiksə, İranın nə düşünməsindən və nə etməsindən asılı olmayaraq, digər məqsədlərimizə də çatacağıq. İranın düşmən siyasəti öz başında çatlayacaq...