Din də, şiəlik də, inanclar da qurban verilir


İran rejiminin ixrac etdiyi ideologiya şiəlikdən daha çox, xomeyniçilik prinsiplərinə söykənir
  "Azərbaycanda, ümumilikdə bu coğrafiyada inanclı insanların İrana bağlılığının-simpatiyasının kökündə şiəlik dayanır. Lakin İran rejiminin ixrac etdiyi ideologiya şiəlikdən daha çox, xomeyniçilik prinsiplərinə söykənir". Bu sözləri "Şərq"ə siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, molla rejiminin ixrac etdiyi siyasi-dini ideologiyanı anlamaq üçün bir sualın cavabı axtarışına ehtiyac var: “Xomeyniçilik Allaha, yoxsa İrana ibadəti buyurur? İranda 1979-cu il “İslam inqilabı” ilə vaxtilə Şahın əleyhinə çıxdığı üçün sürgündə olan Ruhullah Xomeyni Fransadan Tehrana qayıtdı. Onun Avropa ölkəsindən İrana inqilab lideri olaraq dönüşü, ardınca Qərbə qarşı düşmən mövqe sərgiləməsi suallar yaradırdı. Hərçənd, dünyanın siyasi sistemində Xomeyninin hansısa məxfi razılaşmalar olmadan, özü də Avropa ölkəsindən İrana lider olaraq dönüşü mümkünsüz idi və burada onun Vaşinqtonla məxfi yazışmaları yada düşür. Konkret sənədlərə əsaslanan bu faktlar Xomeyninin hakimiyyətə gəlişində heç bir “ilahi qüvvə”nin rol oynamadığını, əksinə, sonradan “Böyük şeytan” adlandıracağı Birləşmiş Ştatların əməyi aydın görünür. Nə qədər gizlətmək istəsələr də, tarix Ruhullah Xomeyninin “Allahın elçisi”, yaxud “Yer üzərindəki canişini” ideologiyasının sadəcə İranın inanclı insanları ələ almaq üçün ucuz təbliğatından başqa bir şey olmadığının şahididir. İnqilabdan sonra İranın ABŞ-a qarşı sərt mövqeyi, xüsusilə amerikalı diplomatların girov alınması Vaşinqtonla Xomeyninin məxfi yazılaşmaları fonunda fikirləri qarışdırır, ortaya suallar çıxarır. Bununla bağlı iki mümkün versiya var. Birincisi, məxfi razılaşmadır. İnqilabdan sonra ABŞ-ın Yaxın Şərqdə atdığı bütün addımların İranın yolunun açılması ilə nəticələnməsi bu fikri gücləndirir. İkincisi, siyasi gedişdir. Xomeyni əvvəlcə amerikalıları inandırdı, daha sonra razılaşmanı pozdu. Hər iki fikir üzərindən müzakirələr açmaq olar. Lakin bu məsələdə bir aksioma var, Xomeyni Allahın yox, Qərbin göndərdiyi adamdır. 1970-ci illərdə Qərb üçün SSRİ-nin sərhədləri dibində dünyəvi və getdikcə Moskvaya ilıq münasibət sərgiləyən Şah rejimindənsə, kommunizmin yayılmasının qarşısında sədd olacaq radikal dini rejim daha münasib idi. Xomeyninin hakimiyyətə gələndən sonra İranda, xüsusilə Cənubi Azərbaycanda sol hərəkatının məhv edilməsi də diqqəti bu istiqamətə çəkir. Faktlar deməyə əsas verir ki, siyasi planlarda bir fiqur kimi Xomeyninin missiyası həm kommunizmin yayılmasının qarşısını almaq, həm də İslam dünyasında parçalanmanı dərinləşdirmək idi".
  A.Nərimanlıya görə, İranın xomeyniçiliyə əsaslanan xarici siyasət doktrinasına nəzər yetirdikdə bütün məsələnin nə Kərbəla müsibəti, nə Əhli-beyt eşqi, nə də şiəlik olduğu aydın olur: "Bütün məsələ İranın imperiya maraqlarıdır və bu məqsəd uğrunda din də, şiəlik də, inanclar da qurban verilir. Xomeyniçilik təcrübəsi inqilabi təcrübə olaraq, islam konsepsiyası kimi təbliğ edilir. Təkcə bu məqam xomeyniçiliyin yeni dini cərəyan kimi meydana gəldiyini, nə islamın, nə də islamın şiə məzhəbinin təməl prinsiplərinə uyğun olmadığını təsdiq edir. Bir daha aydın olur ki, xomeyniçilik nə Allaha, nə onun dini islama, nə də islamın şiə məzhəbinə ibadət yox, İrana bidətdən, bu ölkənin imperiya maraqlarından xidmətdən ibarətdir".