Bakı Qərb versiyasında israrlıdır


Paşinyan isə hər vəchlə sülh prosesini pozmağa çalışır

"Belə olan təqdirdə Ermənistanla sülh müqaviləsinin prosesində irəliləyiş gözlənilmir"

  “Paşinyan məsuliyyəti Rusiyanın üzərinə qoyur, lakin qərar qəbul edən tərəf münaqişənin digər tərəfidir”. Bunu “Kommersant”ın müxbiri Kiril Krivoşeyev deyib. Onun sözlərinə görə, Rusiya hər şeyi deyə bilər, lakin sülhməramlıların mandatı onun istəyi ilə uzadılmayacaq. Krivoşeyev qeyd edib ki, Bakı Qərb versiyasında israrlıdır, Moskva heç nəyə qarşı çıxa bilməz: "Əgər biz sülh sazişini imzalaya bilməsək, müharibə qaçılmaz olacaq". “Kommersant”ın müxbiri əlavə edib ki, Bakı ilə razılaşmaq lazımdır, Moskva, Fransa və İran kömək etməyəcək:

"Ermənistana qarşı təkcə xarici deyil, həm də daxili çağırışlar var və bu daxili çağırışlar arasında hədəfi cəmiyyətimiz olan yalan məlumatların yayılmasını xüsusilə vurğulayıram”. Ermənistanın “Hraparak” qəzeti də yazıb ki, Avropa İttifaqının müşahidəçiləri iki həftədir Ermənistandadırlar, lakin onların sərhəd komissiyalarına etimad yaratmaq və dəstəkləmək üçün nə etdikləri məlum deyil. Nəşrin məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının heç nə deməyən “press-reliz”lərindən proses haqqında mühakimə yürütmək olar: "Müşahidəçilər gəlirlər, gedirlər, mövqelərini tuturlar, şəkil çəkirlər. Aİ missiyasının üzvləri hər gün gəlmirlər. Əvvəlcə müntəzəm gəlirdilər, indi daha az-az gəlirlər. Mövqe tuturlar, müşahidə aparırlar. Amerika prezidenti heç nəyi dəyişmir, bunların gəlməyi nəyi dəyişməlidir?”. Erməni türkşünas, tarix elmləri doktoru Ruben Melkonyan isə deyib ki, iqtidar toplumu "sülh" nağılları ilə aldadır: "Ermənistana qarşı təkcə xarici deyil, həm də daxili çağırışlar var və bu daxili çağırışlar arasında hədəfi cəmiyyətimiz olan yalan məlumatların yayılmasını xüsusilə vurğulayıram. Bunun çox böyük təhlükəsi var, bu tezislər cəmiyyətin bir hissəsini, xüsusən İrəvandan kənarda olan cəmiyyəti çaşdırır. Yalan sülhsevər tezislər yaymaqla xalqı niyə aldadırsınız və onu rəqibin qarşısında tək qoyursunuz?”. 

  Politoloq Məhəmməd Əsədullazadə də "Şərq"ə açıqlamasında deyib ki, Ermənistan qəsdən və məqsədli şəkildə Azərbaycanla sülh müqaviləsinin bağlanmasından yayınır. Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan son müsahibəsində xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə öz təkliflərini verdiklərini qeyd edib:

 "Azərbaycanın təqdim etdiyi və ABŞ tərəfindən qəbul edilmiş sülh müqaviləsinin təkliflərinə Paşinyan növbəti dəfə "status" məsələsini daxil edib.

 Göründüyü kimi, Fransa və Rusiyanın təhriki ilə Paşinyan Vaşinqton gündəliyini pozmaq kursunu davam etdirir. Hazırda Ermənistan baş nazirinin əsas siyasəti Azərbaycana qarşı beynəlxalq təzyiqlərə nail olmaq və Qarabağda yaşayan ermənilərlə bağlı "status" məsələsini gündəmdə saxlamaqdır. Bununla Azərbaycanın geri çəkiləcəyini düşünür. Erməni baş naziri danışıqlar prosesini aparmaqla, beynəlxalq şəraitin onların lehinə dəyişməsi üçün gözləmə mövqeyinə keçib. İndiki məqamda Ermənistan danışıqlarda maraqlı deyil. 

Ermənistan rəhbərliyi Qarabağda silahli erməni birləşmələrinin ləğvinə qarşı şərt irəli sürür. Həmçinin, 10 noyabr bəyannaməsinin bəndlərini fərqli şəkildə izah edir. Paşinyana görə, Qarabağ ətrafında demilitarizasiya xətti yaradılandan sonra silahlı erməni birləşmələri çıxarıla bilər. Göründüyü kimi, bütün vasitələrlə imza atdığı bəyannamənin bəndlərini yerinə yetirməkdən boyun qaçırır. Belə olan təqdirdə Ermənistanla sülh müqaviləsinin prosesində irəliləyiş gözlənilmir".

  Ekspertin fikrincə, qanunsuz erməni silahlılarının Azərbaycan mövqelərinə atəş açması da bundan xəbər verir:

"Bu prosesə Rusiya "sülhməramlı" qüvvələrinin ciddi dəstəyi aydın görünür. Azərbaycan Ordusu öz torpaqlarımızda istənilən anda hərbi əməliyyatlar keçirə bilər. Bundan əlavə, Laçın dəhlizinin bağlanması üçün əlimizdə tutarlı faktlar var. Azərbaycanın bu istiqamətdə tədbirləri, Ermənistanın atacağı addımlardan asılı olacaq".