Sonun başlanğıcı... - Rusiya müdafiə qabiliyyətini itirir


Ukrayna müharibəsinin nəticələri Qərbin Kiyevə dəstəyindən asılı olaraq qalmaqdadır

  Ukrayna Prezidenti V.Zelenski "G 20" zirvə toplantısında Qərbə videomüraciətlə çağırış edib. Zelenski deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmağın vaxtı çatıb. Bildirib ki, Rusiyanın öz qüvvələrini artırmasına imkan verməyəcəklər: "Əminəm ki, artıq zamanıdır, Rusiyanın müharibəsi dayandırılmalıdır”. “Blumberq” agentliyinin məqaləsində bildirilib ki, Moskvanın Rusiyanın Ukraynaya müdaxiləsini müharibə adlandırmaq istəməməsi "G 20" sammitinin ümumi gedişatına əngəl törədir. 

Qeyd olunub ki, bu məsələ Rusiya ilə Ukraynanın tərəfdaşları arasında qarşıdurmaya səbəb ola bilər: “G20 liderlərinin görüşü ilk dəfə birgə bəyanat olmadan başa çata bilər. Pis əlamət Rusiya və ABŞ-ın Kambocada keçirilən çoxtərəfli sammitdən sonra birgə bəyanatla bağlı razılığa gələ bilməməsi idi. Sonra Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ və müttəfiqlərini ittiham etdi. Rusiya Ukraynaya müdaxiləni “xüsusi hərbi əməliyyat” adlandırmaqda israrlıdır və özü Ukraynadakı vəziyyəti müharibə kimi qələmə verməyi cinayət hesab edib. Diplomatların fikrincə, “19+1” formatında bəyanat mümkündür ki, burada "G 20"-nin əksəriyyəti ümumi sənəd imzalayacaq. Rusiya isə öz sənədini verəcək və ya ev sahibi ölkənin İndoneziyada hazırladığı müzakirələrin xülasəsini təqdim edəcək. 

Ukraynadan ABŞ-a: Kompromisə getməyəcəyik!

  Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli ilə telefon danışığı zamanı deyib ki, Kiyev heç bir danışıqları, razılaşmaları və ya kompromis həll yollarını qəbul etməyəcək: "Əmin etdim ki, gücümüz çatana qədər mübarizə aparacağıq. Məqsədimiz bütün Ukrayna torpaqlarını rus işğalından azad etməkdir. Biz heç bir şəraitdə bu yolda dayanmayacağıq. Ukrayna ordusu heç bir danışıqları, razılaşmaları və ya kompromis həll yollarını qəbul etməyəcək. Danışıqlar üçün yalnız bir şərt var - Rusiya işğal etdiyi bütün əraziləri tərk etməlidir”.

Şallenberq: Vaxtı gələndə, Zelenski qərar verəcək!

  Avstriyanın Xarici işlər naziri Aleksander Şallenberq deyib ki, hazırda Ukrayna və Rusiya arasında sülh danışıqları üçün imkanlar görünmür. Onun sözlərinə görə, bu danışıqlara başlamaq qərarı Prezident Vladimir Zelenski tərəfindən lazımi vaxtda veriləcək: "Biz bu qapını hər zaman açıq saxlamalıyıq, çünki son nəticədə sabit sülhə yalnız danışıqlar masası arxasında nail olmaq olar. Bununla belə, hesab edirəm ki, bunun vaxtı çatmayıb. Vaxtı gələndə Prezident Zelenski bu barədə deməlidir”.

"Onlarsız danışığa getmək fikrində deyilik"

  ABŞ Prezidenti Co Bayden deyib ki, Ukraynasız heç bir danışıqlarda iştirak edilməyəcək: “Açıq şəkildə bildirdim ki, Ukrayna xalqına özünü müdafiə etmək imkanı verməyə davam edəcəyik. Onlarsız hansısa danışığa getmək fikrində deyilik. Ukraynasız heç nə edən deyilik, bu, Ukraynanın qərardır".


  Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, Rusiya-Ukrayna müharibəsinin döyüş meydanında yaranan mənzərəsi Moskvanı uğursuzluqlar girdabı səmtinə sürüyür. Analitik vurğulayıb ki, bir müddət əvvəl işğal edilmiş Xerson vilayətini Rusiyanın ərazi subyekti elan edən fərman imzalayan Vladimir Putin indi qoşunlarının Dnepr çayının sağ sahilindən çıxarılıb sol sahilə dislokasiyasına şahidlik edir:

"Bununla da Rusiyanın Odessa və Nikolayevi tutmaq planları taktiki olaraq iflasa uğrayır. Ukrayna Dneprin sağ sahilində mövqelərini möhkəmkəmləndirməklə, sol sahili də vurub Rusiyanın oradan da çıxarılması üçün şans qazanır. Azov dənizinə çıxışı bərpa etmək yolunda inamla irəliləmək imkanları əldə edir. Rusiyanın Krımdan gələn təchizat xətlərini artilleriya hücumlarına qarşı həssaslaşdırır. Rusiyanın hazırda üzləşdiyi vəziyyət Ukrayna cəbhəsi boyunca aşağı-yuxarı eyni durumdadır. Rus qoşunları artıq nəinki irəliləyişə nail olmaq potensialından məhrum olur, həm də işğal zonasında müdafiə olunmaq qabiliyyətini itirir. Rusiya ən zəruri müdafiə istehkamlarını Krım, Donetsk, Luqansk bölgələrində qurur. Putin Xarkov, ardınca isə Xersondakı itkiləri kompensasiya etmək üçün Donetsk və Luqansk vilayətlərinin işğalını başa çatdırmaq üçün ləngiyən səylərini sürətləndirməyə çalışacaq. Elə buna görədir ki, son günlər Rusiya həmin vilayətlər üzrə hücumlar həyata keçirir, lakin nəticəyə nail ola bilmir".

"Qışın gəlişini Rusiya “toy-bayram” kimi qeyd edə bilər"

  Ekspertə görə, Ukraynanın Qərbdən aldığı bol silahlar və əməliyyat planlarının NATO standartlarına uyğun hazırlanması Moskvanın rastlaşdığı çətinliklər zəncirinə əlavə halqalar əlavə edəcək: "Ukraynanın qətiyyətini əsasən ABŞ-Britaniya ikilisinin güclü dəstəyi müşayiət edir. Bunun sayəsində möhtəşəm də olmasa, uğurlu bir plan həyata keçirilir. Ancaq münaqişə hələ bitməyib və Rusiyanın bundan sonra hansı senarilərə gedəcəyi bəlli deyil. Rusiya elə bir şərait bərqərar etmək istəyir ki, Qərb diplomatiyası Ukraynanı arxa plana ataraq Moskvanın şərtləri ilə uzlaşan danışıqlar masası qursun. Moskvanın ikinci planı isə mövcud durumu donmuş münaqişə formasına salmaqdır. Hərçənd, Ukraynanın uğurlu əks-hücum əməliyyatları Rusiyanın hədələrinə və intensiv raket zərbələrinə baxmayaraq Kremlin istədiyinə çatmasına əngəllər yaradır. Moskvanın nüvə silahı olmadan əlində olan ən güclü aləti iqtisadi silahlardır.   Lakin artıq Qərb Kremlin qaz şantajlarını boynubükük qarşılamaq mövqeyində də deyil. Əllərindəki fürsətlərin bir-bir çıxdığını görən Rusiyanın başqa planı digər regionlar üzrə eskalasiya riski yaratmaqdır ki, Ukraynadakı müharibənin yorğunluğunu yaşayan Qərbin buna adekvat cavab verəcəyi suallar altına düşür. Buna görə də Qərb dəstəkçiləri Moskvanın istər Ukrayna üzrə, istərsə də digər bölgələr üzrə strateji planlarının Rusiya üçün uğursuzluq ola biləcəyini proqnozlaşdırmaqda tələsmir. Ukraynadakı müharibənin nəticələri Qərbin Kiyevə dəstəyinin hansı limitə qədər davam edəcəyindən asılı olaraq qalmaqdadır".