“Problemləri aradan qaldırdıqdan sonra isə, onlar anti-Azərbaycan siyasətini daha sərt formada davam etdirəcək"
İran heç vaxt Azərbaycanı işğal etmək və ya nəzarəti ələ keçirmək niyyətində olmayıb.
Bunu İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti deyib.
Vilayəti Azərbaycan xalqının İran tarixindəki əsas rolunu və ölkənin qorunmasında, İranın qüdrətinin və regional əhəmiyyətinin gücləndirilməsində mühüm addımlarını yüksək qiymətləndirib. O, həmçinin İslam Respublikasının Azərbaycana hücum və ya qonşu ölkədə hakimiyyəti ələ keçirməyi planlaşdırdığına dair ittihamları və şayiələri təkzib edib.
Onun sözlərinə görə, İran heç vaxt qonşularına paxıllıq etməyib, əksinə, həmişə onlara diqqət və hər kəslə müsbət münasibət saxlamaq istəyi ilə yanaşıb:
"Hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı azərbaycanlıdır. Qeyri-İran pasportu olsa da və ya İrandan kənarda yaşasalar da bu, belədir. Mən də azərbaycanlıyam. Qürur hissi ilə demək istəyirəm ki, digər iranlılar kimi mən də özümü azərbaycanlı hesab edirəm. Mən Əlbərz dağlarının ətəyindən gəlirəm. Mən də digər iranlılar kimi qürurlu İranın hər bir hissəsini ruhumun və qəlbimin bir guşəsi hesab edirəm və hətta onu qorumaq üçün canımı da verəcəm".
Məsələyə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, tək İranın deyil, bütün siyasi dairələrin mövcud situasiyalarla bağlı açıqlamalarını ciddiyə alsaq da, tam şəkildə inanmaq lazım deyil:
“Çünki situasiyalar hər zaman eyni qalmır. Bu fonda da dövlətlərin siyasəti məcburi dəyişdirilir və ya yeni formada şaxələndirilir. İranın bir həftə öncəyə qədər Azərbaycanla təhdid dilində danışmasını vəziyyət tələb edirdi. Bu gün isə başqa bir tələb var. Yəni ortaya yaxınlaşma və mülayimləşmə mövqeyi qoyulub. Digər tərəfdən Vilayətinin açıqlamasını səmimi qarşılamaq lazım deyil.
Ona görə ki, biz müstəqillik qazanan zamanda da, elə bu gün də rəsmi Tehranın əlinə uyğun fürsət düşən kimi anti - Azərbaycan siyasəti yürüdür və bunu irəli müstəviyə daşıyaraq, təhdid dili ilə danışacaq qədər sərt mövqe ortaya qoyur. Bundan sonra isə İranın siyasəti dəyişməyəcək. Yəni rəsmi Bakı ilə Tehranın regional və dünyəvi maraqları ziddiyyət təşkil edir. Bu ziddiyyətlər İrana anti Azərbaycan siyasətini qorumağa və bizim inkişafımızın qarşısının almaq üçün addımlar atmağa şərait yaradır.
Ekspert qeyd edib ki, cənub qonşumuz təhdid dili ilə bizi qorxutmağa çalışırdı. Lakin nəticədə Azərbaycan daha böyük addımlar atdı:
“ Yəni Fars rejiminin ən böyük qorxusu olan Güney Azərbaycan məsələsi aktuallaşdı. Bu isə bizə zərər vermək istəyən rəsmi Tehran üçün bumeranq rolunu oynadı. İran bu addımlardan sonra başa düşdü ki, onların ordusu və silah bazası böyük ola bilər. Amma hazırkı beynəlxalq və regional vəziyyətdə Bakı ilə birbaşa qarşıdurmaya hazır deyil.
Buna görə də cənub qonşumuz gündəmi sakitləşdirmək üçün addım atır. Bunun isə hesablandığı başqa məqamlar var. Azərbaycanda səslənən fikirlər, cənubdakı soydaşlarımıza böyük ruh yüksəkliyi verir və onların milli duyğuları oyanır. Yəni İranın aylardır, sakitləşdirə bilmədiyi etiraz dalğaları başqa formada daha çox yüksəlməyə başlayır.
Ona görə da Tehran onun üçün ən uyğun məqamın Azərbaycanla normallaşma olduğunu düşünür. Problemləri aradan qaldırdıqdan sonra isə, onlar anti-Azərbaycan siyasətini daha sərt formada davam etdirəcək".