Tokayevdən diplomatik “tokat”! - “...İslahatlar daha düzgün əsaslarla gedəcək"

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb.
“Kasım-Jomart Tokayev səslərin 81,31 faizini toplayaraq yenidən ölkənin Prezidenti seçilib. Qazaxıstan MSK-nın rəhbəri Nurlan Abdirov qeyd edib ki, beləliklə, dünən açıqlanan ilkin nəticələr təsdiq olunub. Məlumata görə, Tokayevin andiçmə mərasimi noyabrın 26-sı baş tutacaq.
Qeyd edək ki, Tokayev 2019-cu ildə keçirilən seçkilərdə səslərin 70,96 faizini toplayıb.

Tokayevin seçkilərdə qalib gəlməsinin təəccüblü olmadığını deyən politoloq İlqar Vəlizadə "Sherg.az"a vurğulayıb ki, bundan sonra Qazaxıstandakı siyasi proseslər qaldığı yerdən davam edəcək:

 "Tokayevin yenidən seçilməsi məlum hal idi. Çünki onun rəqiblərinin elə də böyük nüfuza sahib olmadıqları görsənirdi. Digər tərəfdən Tokayevin qalibiyyəti, ötən aylarda Qazaxıstanın siyasi səhnəsində gedən proseslərin davam etdiriləcəyini göstərir. Gələn il Qazaxıstanda parlament seçkiləri gözlənilir.

 Bu seçkilərdən sonra isə siyasi sistemin yeni strukturu müəyyənləşəcək. Belə ki, parlament daha böyük səlahiyyətlərə malik olacaq.

 Prezident isə öz səlahiyyətlərinin bir hissəsini qanunverici orqana verəcək. Burada səlahiyyətlərin bölüşdürülməsi daha qabarıq şəkildə olacaq. Digər tərəfdən isə ictimai proseslər daha da dinamikləşəcək. 

Çox güman ki, yeni partiyalar meydana çıxacaq. Yəni Tokayevin qalib gəlməsi ötən aylarda baş verən islahatların legitimliyini artıracaq və gələcəkdə yeni islahatlar daha da düzgün əsaslarla gedəcək".