İlin sonuna qədər sülh gözlənilmir

Siyasi vəziyyət elə bir mühit yaradıb ki, Ermənistan tərəfinin sülhə gəlməsi üçün davamlı təzyiq olmalıdır

  "Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir". Bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına müraciətində bildirilib. 

Dövlət başçısının müraciətində qeyd edilib ki, tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz. Xatırladaq ki, ilin sonuna doğru sülh müqaviləsinin imzalanacağı ilə bağlı müəyyən iddialar var idi. Lakin prosesin başqa istiqamətdə cərəyan etdiyi göz önündədir. Ermənistan Baş naziri Nikol Paşinyan "çərçivə sazişindən" danışır, sülh danışıqlarına zidd olan açıqlamalar verir. Üstəlik, erməni silahlıları sərhəddə davamlı təxribatlar törədir. 

  Politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında deyib ki, sülh müqaviləsinin ilin sonuna kimi bağlanacağına ümidlər olsa da, proses asan başa gəlməyəcək. Siyasi şərhçiyə görə, problemin kökləri çox dərinə işləyib: 

"Onillər boyu davam etmiş qarşıdurmanın tezliklə sülhlə nəticələnəcəyi ehtimalı azdır. Müharibədən sonra yaranan siyasi vəziyyət elə bir mühit yaradıb ki, Ermənistan tərəfinin sülhə gəlməsi üçün davamlı təzyiq olmalıdır. Azərbaycan sülh müqaviləsinə regionun stabilliyi və inkişafı baxımından əlverişli şərait yaratması kimi yanaşır. Ermənistan isə sülhə kapitulyasiya kimi baxır. Bu da regiondan kənar və regiondakı güclərə manevr etmək imkanı verir və destruktiv mühit yaradır. Qarşılıqlı olaraq ortaq məxrəcə gəlmək demək olar ki, mümkün deyil. Paşinyan ümumi bir sazişin imzalanmasını, mövcud olan problemlərin həllinin isə bundan sonra tədricən çözülməsini təklif edir. Yəni sərhəd və Qarabağ ermənilərinin "statusu" məsələsinin sonraya saxlanılmasını istəyir. Sərhəd məsələsini qəbul etmək olsa belə "status" söhbəti Azərbaycan üçün qəbuledilməzdir. Ermənistanın təxribatları və pozucu davranışları fonunda Azərbaycan Prezidentinin bir daha sülh mesajı verməsini xoş məram kimi qəbul etmək lazımdır. Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycan dövləti regionda sülh istəyir, amma bu, təktərəfli mümkün deyil. Ermənistan normal yaşamaq istəyirsə, iki ölkə arasında sülhün bağlanmasına razılıq verməlidir. Bu, hər bir normal dövlətin istəyi və arzusudur. Ancaq Ermənistan özünü normal dövlət kimi apara bilmir. İrəvan heç kimin təhriklərinə baxmadan öz müstəqil seçimini etməlidir - sülh, ya hərb. Üçüncü variant yoxdur".