Bakı şərtlərindən geri çəkilməyəcək

Putin isə məsələləri Moskva mərkəzli anlayışla yoluna qoymaq istəyir

"Rusiya Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini və özünün Ankara ilə isti münasibətlərini nəzərə alaraq Bakı ilə gərginliyə getmək planını ehtiyata ataraq birgə prioritetlər yaratmaq barədə düşünür"

  Noyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirilib. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib. Qeyd edək ki, Rusiya rəhbəri V.Putin Azərbaycan dövlət başçısı ilə telefon əlaqəsi saxladıqdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak etmək üçün İrəvana səfər edib. 

  Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, Rusiya Prezidenti Vladimir Putin 5 gün ərzində iki dəfə Azərbaycan lideri İlham Əliyevə zəng edib. Analitikə görə, Putin telefon diplomatiyası ilə Bakı-Ankara birgə maraqlarında yeni səhifə açılmasına və ortada olan mübahisələrin sonlandırılmasına çalışır:

 "Putin məsələləri Moskva mərkəzli anlayışla yoluna qoymaq istəyir, ancaq Azərbaycan tərəfi də öz şərtlərindən əl çəkmir. Tərəflər elə ortaq məxrəc tapmaq istəyir ki, o həm Azərbaycanın tələblərinin yerinə yetirilməsi üçün Moskva tərəfindən stimul yaratsın, həm də Rusiya öz maraqlarının məzmununu dəyişsin. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qəbul etdikləri üçtərəfli bəyanatların implementasiyası Bakının gündəliyində duran ən vacib məsələdir. Bu işdə Moskvanın da məsuliyyətləri xatırladılır. Lakin Bakının addımları və Moskvanın ermənilər vasitəsilə təxribat yaradan manevrləri ara-sıra Azərbaycanla Rusiya arasında gərginliyin ortaya çıxmasına səbəb olur. Rusiya ən çox iki məsələdə - Qarabağda yaşayan ermənilərdən istifadə edərək sülhməramlı kontingentin regiondakı ömrünün uzadılmasına və Qarabağda rus icması yaratmaqda israrlıdır. 
  Lakin Kremldən verilən bu siqnal Azərbaycan üçün suverenlik təhdidi xəttinə yaxınlaşan baryerdir və Bakı Moskvanın iradəsinə qarşı ciddi dirəniş göstərməkdədir. Rusiya Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini və özünün Ankara ilə isti münasibətlərini nəzərə alaraq Bakı ilə gərginliyə getmək planını ehtiyata ataraq birgə prioritetlər yaratmaq barədə düşünür". 
  A.Kərimovun fikrincə, liderlərin telefon danışıqlarında energetika sahəsindəki əməkdaşlığın perspektivlərini müzakirə etməsi ortaq nöqtəyə dair ipuclarıdır: "Bu yaxınlarda Azərbaycanla Rusiya arasında yeni qaz sazişi imzalanıb və müqaviləyə əsasən, Rusiya Azərbaycana bu ilin noyabrın 15-dən etibarən qaz ixrac etməyə başlayıb. Nəzərdə tutulur ki, təchizat 2023-cü ilin mart ayına qədər davam etsin. Həmin müddətə qədər tədarük həcmi bir milyard kubmetrə qədər olsun. Rusiya bununla Ukrayna müharibəsində dağılmış iqtisadi mənzərəsini düzəltməyə çalışır. Lakin müqavilənin bütün detalları bəlli olmadığından demək mümkündür ki, Kreml həm də uzunmüddətli perspektivi hesablayır. Məsələn, bu, Rusiya qazının Azərbaycan üzərindən Avropaya nəqlinə nail olmaq şansıdır. Hərçənd, Qərb bunun qarşısının alınması üçün nə lazımdırsa, onu da edəcək. Çünki Avropa İttifaqında narahatlıq var və bu, onunla əlaqəlidir ki, Azərbaycanın idxalın bir hissəsini Moskvanın köməyi ilə asanlaşdırması faktı Brüsselin Cənub Qaz Dəhlizi vasitəsilə diversifikasiya üzrə səylərini boşa çıxara bilər". 
  Ekspertə görə, Azərbaycan Brüssel qarşısında götürdüyü ixrac öhdəliyinin yarada biləcəyi boşluğu doldurmaq üçün Rusiya qazından daxili bazarını təmin etmək niyyətindədir: "Amma Bakı energetika sahəsində əməkdaşlıq üfüqlərində Avropa İttifaqının səylərinə daha çox önəm verir. Çünki Bakı öz qazının Avropaya çatdırılmasından əldə edəcəyi qazancın həcminin perspektivini anlayır. İstənilən halda Moskva İrəvanın göz yaşlarına məhəl qoymayacaq və Bakının üçtərəfli bəyanatların icrasını güc yolu ilə reallaşdırmasına əlavə imkanlar yaradacaq. Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya və Qərb arasında oynayaraq Moskvanın iradəsinə zidd hərəkətlər etməsi, sərhədə ATƏT və Avropa İttifaqı missiyalarını dəvət etməsi Kremli qəzəbləndirir. Çünki İrəvanın dəst-xəttini Rusiya özünə qarşı çevrilən qarşı inamsızlıq mühitinin alqılanması kimi qiymətləndirir. Bu baxımdan Rusiya özü də Ermənistanın cəzalandırılmasında son dərəcədə maraqlıdır".