KTMT sammiti Ermənistanın gözləntilərini doğrultmadı

Kreml Bakıya qarşı cəbhə almadan Ermənistanı razı salmağa çalışır

  Dünən İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçirilib. İclasda Rusiya Prezidenti V.Putin də iştirak edib. Sammitdə beynəlxalq və regional təhlükəsizliyin aktual məsələləri və KTMT-nin fəaliyyətinin əsas nəticələri müzakirə olunub. Həmçinin təşkilatın baş katibi dəyişib. Paşinyan deyib ki, Stanislav Zas KTMT-nin baş katibi kimi üç illik fəaliyyətini başa vurub: 

“Bundan sonra baş katibin səlahiyyətlərini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək”. Sammit Ermənistanda müəyyən kəsimlər tərəfindən etirazla qarşılanıb, hətta lokal etirazlar da baş tutub. Siyasi şərhçi Tevos Arşakyan bildirib ki, ermənilər KTMT-ni boykot edirlər. Onun sözlərinə görə, artıq maskalar cırılıb, erməni xalqı dostunu-düşmənini tanımağa başlayıb: "İndi hamı bilir ki, KTMT Ermənistanın güvənə bildiyi bir alyans deyil. Bir gün öncə Azərbaycan Prezidenti İrəvana çox aydın ismarış göndərdi. Əliyev dedi ki, KTMT-də Azərbaycanın dostları Ermənistanın dostlarından çoxdur. Artıq bu, bizim üçün bir siqnal olmalı idi. Hansı səbəbə görə biz Rusiyanın oyuncağına çevrilən KTMT ilə əməkdaşlığımızı davam etdirməliyik? Nədən bu sammitin keçirilməsinə büdcəmizdən pullar ayrılmalıdır?”. Bəzi ekspertlərin fikrincə, Paşinyan Ermənistanda KTMT-yə son zərbəni vurmağa hazırlaşır. Bir neçə gündür sərhəddə və Azərbaycan daxilində mövqelərimiz ardıcıl atəşə tutulur və gərginlik yaradılır. Rusiyalı ekspertlər bunu düşünülmüş plan sayırlar və hesab edirlər ki, bu gərginliyin yaradılmasında məqsəd Paşinyanın KTMT sammitində Azərbaycana qarşı mövqe tələb etməsinə bəhanə formalaşdırmaqdır. 

Ancaq yeni bir gərginlik arzulamayan Rusiya bu təşəbbüsə qarşı çıxacaq. Bu isə Paşinyan komandasına ölkə daxilində Rusiyaya qarşı təbliğat üçün əlavə fürsət verəcək. Ermənistan baş naziri sammitdə iştirak etmək üçün İrəvana gələn üzv ölkə liderlərinə qarşı da qeyri-etik davranışa yol verib. Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarus liderləri Qasım-Jomart Tokayev, Sadır Japarov, İmaməli Rəhman və Aleksandr Lukaşenkonu hava limanında XİN-in rəhbəri də deyil, müavini qarşılayıb. İrəvana ən sonuncu gələn Rusiya lideri Vladimir Putini isə hava limanında, təyyarənin önündəcə Nikol Paşinyan qarşılayıb. Analitiklərə görə, Paşinyanın KTMT iclasına qatılan liderlərin heç birini yox, məhz Putini şəxsən qarşılaması Rusiya liderinə yarınmaqdan daha çox, digər liderlərə hörmətsizlikdir.

  Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib ki, KTMT-nin İrəvanda keçirilən sammiti təşkilat üçün vacib olsa da, Ermənistan-Azərbaycan nizamlanması üçün prinsipial deyil. Onun sözlərinə görə, İrəvan sammiti KTMT üçün ona görə vacib olacaq ki, təşkilat ABŞ-nin Rusiya ilə əməkdaşlıq edənlərə qarşı repressiv siyasəti şəraitində fəaliyyətini davam etdirəcək: “Təşkilata üzv dövlətlər Rusiya ilə əlaqələri qoparmadan, Qərbin təzyiqlərinə məruz qalmadan mövcudiyyətləri üçün modul axtarıb tapacaqlar. Çünki KTMT-yə üzv dövlətlər Rusiyaya görə ABŞ-la, ümumilikdə Qərblə konfrantasiyaya getmək istəmirlər”. Rusiyalı ekspert qurum daxilində Ermənistan-Azərbaycan məsələsi ilə bağlı vahid mövqeyin olduğunu qeyd edib: “Paşinyan hakimiyyətinin Ermənistanı KTMT-dən çıxarmaq siyasəti ilə bağlı çağırışlarının səbəbi təşkilatın Ermənistan-Azərbaycan münaqişəsində İrəvanın tərəfini tutmamasıdır. Təşkilatın bütün ölkələri Ermənistanın tərəfində olmayacaqları ilə bağlı vahid mövqedədirlər. Hətta onların bir çoxu daha çox Azərbaycanın tərəfindədirlər, nəinki KTMT üzvü olan Ermənistanın”.

  Rusiyalı siyasi ekspert Yevgeni Mixaylov isə deyib ki, sammitin İrəvanda anti-Rusiya aksiyalarının fonunda keçirilməsi maraqlıdır: 

“Moskva Ermənistan ərazisində təhlükəsizliyi özü təmin edir və Rusiya hesab edir ki, İrəvanın KTMT-yə Azərbaycana qarşı müharibəyə qoşulmaqla bağlı çağırışları təxribatdır. Ermənistana Rusiyanın maraq dairəsindən kənara çıxmağa heç bir halda imkan verilməyəcək. Bununla yanaşı, Moskva İrəvana Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərməyə də imkan verməyəcək”.

  Siyasi şərhçi Asif Nərimanlı da deyib ki, Ermənistanın məqsədi İrəvanda Putinin iştirakı ilə KTMT-nin sammitini keçirməklə Azərbaycana qarşı cəbhə yaratmaq idi: "İclasdan öncə Paşinyanın Rusiya prezidentinə “erməni xalqı sizdən cavab gözləyir” mesajı verməsi də istəyinə nail olmaq üçün düşünülmüş gediş idi. Lakin KTMT-nin Bakıya qarşı İrəvanın istədiyi mövqeyi sərgiləcəyi gözləntisi azdır. Bu təkcə təşkilat üzvlərinin Azərbaycanla münasibətlərindən yox, həm də Rusiyanın prosesdə tərəf olmaq istəməməsindən irəli gəlir. Kreml Bakıya qarşı cəbhə almadan Ermənistanı razı salmağa çalışır. Ona görə də təşkilatın iclaslarından nəticə çıxmayacağı bəllidir".