“Moskva sadəcə, hər dəfə Xovayev bölgəyə göndərməklə danışıqlar təşəbbüsünü nəzarətdə saxlamağa çalışır”
Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
"Sherg.az" xəbər verir ki, görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri icra etməməsi, Soçidə keçirilmiş son görüş və onun nəticələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Səfəri şərh edən politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, İ.Xovayev bundan əvvəl bölgəyə və Bakıya oktyabr ayının əvvəlində gəlmişdi:
“Rusiyalı diplomat həmin səfərində sülh sazişinin imzalanması məqsədilə Moskvanın Bakıya və İrəvana təkliflərini gətirmişdi. Nəticə olmadı. Liderlərin Soçi görüşü də məsələləri həll etmədi. İqor Xovayevin budəfəki səfəri də nəticəyə hesablanmayıb. Moskva sadəcə, hər dəfə Xovayev bölgəyə göndərməklə danışıqlar təşəbbüsünü nəzarətdə saxlamağa çalışır. Ancaq Brüssel və Vaşinqton da boş dayanmayıb. İqor Xovayevdən sonra bölgəyə ABŞ və Avropa İttifaqının nümayəndələri gələcəklər”.