“İndiki halda Paşinyanın KTMT-yə arxalana bilməz”
“Çünki Azərbaycanla münasibətlər Rusiyaya hava və su kimi lazımdır"
“Son proseslər KTMT ilə Ermənistan arasında güclü ziddiyyətlərin olduğunu göstərir”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Kənan Novruzov KTMT-nin İrəvan sammitinin Ermənistan üçün tam fiasko ilə nəticələnməsindən danışarkən deyib.
Analitik qeyd edib ki, belə gedərsə, KTMT Minsk qrupunun aqibətini yaşaya bilər:
"Paşinyan KTMT-ni Azərbaycanla münasibətlərin normallaşmasında yardım etməməkdə ittiham edir. Bax, bu ittihamlar ziddiyyətin bariz nümunəsidir. Bunlar isə Ermənistan Rusiya müstəvisində araşdırılmalı olan məsələdir. Çünki KTMT-nin ən aparıcı dövləti Rusiyadır.
Biz isə bu ziddiyyətlərin özəyini Moskva İrəvan münasibətlərində də görürük. İkinci tərəfdən KTMT-yə daxil olan Özbəkistan kimi türkdilli dövlətlər son dövrlərdə fəallıq nümayiş etdirir. Onlar Azərbaycanın yanında olaraq, Cənubi Qafqazdakı sülh prosesində maraqlıdırlar. Məsələn Özbəkistan prezidenti Fransaya səfər etmişdi. Mən əminəm ki, onun Makron ila görüşündə Cənubi Qafqaz və Zəngəzur dəhlizi məsələsi də müzakirə olunub.
Digər tərəfdən son hadisələr həm də onu deməyə imkan verir ki, KTMT zəifləyir, onun daxilində birlik yoxdur və bu təşkilatla Ermənistanın münasibətləri dalğalıdır. Əgər belə gedərsə, gələcəkdə KTMT-nin dağılaraq, Minsk qrupunun taleyini yaşaması istinasızdır. İndiki zamanda isə Paşinyanın KTMT-yə arxalana bilməz. Çünki Azərbaycanla münasibətlər Rusiyaya hava və su kimi lazımdır".