Ərdoğan quru əməliyyatların anonsunu verdi


Türkiyənin Suriya və İraq qərarına nə ABŞ, nə də Rusiya qarışa bilər

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Suriya və İraqın şimalındakı son əməliyyatlarla bağlı ABŞ və Rusiya prezidentləri ilə danışmayıb. Ərdoğanın sözlərinə görə, Bayden və Putin artıq bilirlər ki, Türkiyə bu regionda istənilən vaxt belə əməliyyatlar keçirə bilər: "Həmişə deyirik ki, bir gecə qəfildən gələ bilərik. Biz icazə ilə çalışmırıq. Əgər bir addım atacağıqsa, ona özümüz qərar veririk və həmin addımı atırıq. ABŞ belə məsələlərdə bizi tanımalıdır. Bu yöndə necə qətiyyətlə və daha mühüm addımlar atacağımızı hamı görəcək”. Türkiyə lideri həmçinin quru əməliyyatlarının anonsunu verib: “Ən qısa zamanda tankımızla, əsgərlərimizlə bütün terrorçuları məhv edəcəyik. Təyyarələr, PUA-lar və artilleriya ilə əməliyyatlarımız hələ başlanğıcdır. Bütün sərhədlərimizi təhlükəsizlik lenti ilə bağlamaq əzmimiz hər zamankindən daha güclüdür. Biz artıq bu zolağın bir hissəsini yaratmışıq. Qalanları addım-addım həll edəcəyik. Terrorçuların gizlənərək özlərini təhlükəsiz hiss etdikləri o beton tunellərin onların məzarına çevriləcəyi gün yaxındır. Biz ən münasib vaxtda qurudan da terrorçuların başlarına çökəcəyik”. Ərdoğan vurğulayıb ki, ruslarla əldə edilən razılaşmaya görə, Moskva bölgədəki terrorçuları təmizləməli idi: "Lakin dəfələrlə xatırlatmağımıza baxmayaraq, bunu etmədilər. Biz də bunlara qarşı səssiz qalmayacağımızı, oradakı terrorçulara qarşı addım atacağımızı söylədik". Türkiyə lideri Suriyadakı rejimin başçısı Bəşər Əsədlə görüşüb-görüşməyəcəyi barədə verilən sualı belə cavablandırıb: "Siyasətdə küskünlük yoxdur. Əvvəl-axır bu istiqamətdə addımlar atacağıq”. 
  Kreml sözçüsü Dmitri Peskov deyib ki, Türkiyə və Suriya prezidentləri nəzəri olaraq Rusiyada görüşə bilər, lakin bununla bağlı razılaşma yoxdur. Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev isə bildirib ki, Moskva belə bir görüş təşkil etməyə hazırdır: "Hər iki tərəfin istəyi olsa, Moskvanın belə bir görüşü təşkil edəcəyini düşünürəm. Hətta buna şübhə etmirəm. Belə bir görüş son dərəcə vacibdir. Lakin görüş düzgün hazırlanmalı, bunun üçün müəyyən şərtlər yetişməlidir”. Lavrentyev qeyd edib ki, Rusiya Türkiyəni əməliyyat keçirməkdən çəkinməyə inandırmağa çalışıb: "Hesab edirik ki, bu əməliyyatlar təkcə Suriyada deyil, bütün Yaxın Şərq regionunda gərginliyin ciddi artmasına səbəb ola bilər". 
  ABŞ-dan da Türkiyəyə çağırış edilib. 
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Ağ Ev Suriyanın şimalında gərginliyin dərhal azaldılmasını tələb edir: "Biz regionda sabitliyi pozan, ABŞ mülki şəxsləri və şəxsi heyətini təhlükəyə atan son hərbi əməliyyatlardan dərin narahatıq”.

  Türkiyənin Suriya və İraqın şimalında apardığı antiterror əməliyyatını "Şərq"ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, 2019-cu ildə Türkiyə "Zeytun budağı" əməliyyatı keçirərkən Rusiya və ABŞ-la bir anlaşma əldə etmişdi. Razılaşmalara görə, PKK-nın Suriya qolları olan PYD və YPG terrorçuları cənuba doğru 30 kilometr çəkilməli idilər: "Vaşinqton və Moskva öz imzaları ilə bunu təsdiqləmişdilər. Ağ Ev 120 saat ərzində tərəfdaşlarının Suriyanın cənubuna doğru 30 kilometr arxaya çəkilməsini təmin etməliydi. Ancaq bu, reallaşmadı. Ona görə də hazırda Amerika və Rusiya rəsmilərinin Türkiyənin antiterror əməliyyatına qarşı çıxması hansısa məna kəsb etmir. Aparılan hərbi əməliyyatlar özünümüdafiədir və BMT-nin nizamnaməsinə uyğun davranışdır. Heç kim buna görə Türkiyəni ittiham edə bilməz. Nəzərə almaq lazımdır ki, hazırda Türkiyədə 4 milyona yaxın suriyalı qaçqın məskunlaşıb. Əlbəttə ki, suriyalılar ömür boyu Türkiyədə yaşaya bilməzlər və mütləq öz yurdlarına geri dönməlidirlər. Əfsuslar olsun ki, suriyalı qaçqınların geri qayıtması üçün heç bir ölkə, beynəlxalq təşkilat əlini daşın altına qoymaq istəmir. Bütün yükü təkbaşına daşıyan Türkiyədə müəyyən iqtisadi-sosial problemlər yaşanmaqdadır. O baxımdan Türkiyə məcburdur ki, şimal sərhədləri boyunca, 30 kilometr dərinliyində təhlükəsizlik zonası yaratsın. Bundan sonra suriyalılar həmin bölgəyə köçürüləcək. Problem kökündən və birdəfəlik həll olunmadıqca, konservləşmiş formada qalacaq və gələcək dövrlərdə daha ciddi çətinliklərə səbəb olacaq. 2019-cu ildən bu yana 3 il zaman keçib. Mövcud problemin bu səviyyəyə çatmasında Türkiyə hakimiyyətinin də ciddi qüsurları olub. Türkiyə Prezidenti R.T.Ərdoğan hava hücumlarından sonra quru əməliyyatının başlayacağının anonsunu verdi. Əgər Qərb və Rusiya əməliyyatlara razılıq verməzsə, quru əməliyyatları başlamazsa, yaxud yarımçıq qalarsa, bu, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nüfuzuna təsir göstərəcək. Həmçinin, lokallaşmış problem qarşıdakı dönəmlərdə ortaya çıxacaq. Yəni aparılan siyasət davamlı və ardıcıl olmalıdır ki, nəticəsi də müsbət olsun. Türkiyənin ictimai rəyi də suriyalı məsələsinin birdəfəlik çözümünü istəyir və gözləyir".  
  N.Miri bəyan edib ki, Türkiyənin əməliyyat apardığı ərazilərdə Suriya rejiminin nəzarəti yoxdur: "Həmin bölgələrdə olan bütün enerji daşıyıcıları ABŞ-ın tabeliyində məhz PKK terrorçuları tərəfindən istismar edilir və hökumətə satılır. Qardaş ölkənin antiterror əməliyyatları ilk növbədə Türkiyənin, digər yandan elə Suriyanın öz təhlükəsizliyinə xidmət edəcək. Rusiyanın bu yöndə vasitəçiliyinə də ehtiyac yoxdur. İki müsəlman, qonşu dövlətin başçıları xüsusi xidmət orqanlarının rəhbərlərinin timsalında təmaslara icazə verərsə, tərəflərin görüşü rahatlıqla alınar".