İrəvana xəbərdarlıq



Ermənistan minaları Laçın dəhlizindən daşıyıb

Ceyhun Bayramov deyib ki, Azərbaycan tərəfi bütün lazımi addımları atacaq


  Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib. Nazir jurnalistlərə açıqlamasında Ermənistanın Laçın dəhlizindən razılaşmalara zidd formada istifadə etdiyini bildirib. 

  XİN başçısı Ceyhun Bayramov deyib ki, üçtərəfli bəyanata əsasən, dəhlizin prinsipləri və istiqamətləri var: “Ancaq dəhliz buna zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır. Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam edəcək”.

  Ceyhun Bayramov qeyd edib ki, Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir. Onun sözlərinə görə, Ermənistanın bu addımları postmünaqişə dövründə münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir: “Üçtərəfli bəyanatın fundamental prinsipləri pozulur. Həmin prinsiplər sırasında yer almış bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetirilmir”.

   Xarici işlər naziri vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərində basdırdığı minaları Laçın dəhlizindən daşıyıb. Onun sözlərinə görə, Ermənistan üçtərəfli bəyanatın bəzi müddəalarını yerinə yetirmir: "Yenə də Azərbaycan ərazisində minalar aşkarlanıb. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi qəbuledilməzdir. 2021-ci il istehsalı olan minaların daşınması Laçın dəhlizi vasitəsilə həyata keçirilib”.