Güney Azərbaycana dəstək

Prezident İlham Əliyev: "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik"

"Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik"

  "Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər". Bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, o ki qaldı regionda dinc birgəyaşayışa, erməni cəmiyyəti onilliklər ərzində erməni diasporu və erməni millətçiləri tərəfindən aparılmış təbliğat ilə zəhərlənib: "Bu, ermənilərin Qarabağın azərbaycanlı kəndlərində və şəhərlərində, həmçinin azərbaycanlılara qarşı törətdiklərinin səbəblərindən biridir. Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər. Türkofobiya və Azərbaycanfobiya Ermənistanın ideologiyası olmuşdur. Onlar özlərinin tarixi və tarixi şəxsləri haqqında o qədər miflər fikirləşiblər ki, artıq özlərinin uydurmalarına inanmağa başlayıblar. Ermənistanın bütün tarixi, Ermənistanın bütün tarixi irsi saxtadır”. Ölkə başçısı diqqətə çatdırıb ki, biz hər zaman ləyaqətimizin, müstəqilliyimizin və ənənələrimizin müdafiəsində dayanacağıq: "Heç bir xarici aktorun öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza diktə etməsinə imkan verməyəcəyik.

"Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsi sülh danışıqlarını pozmaq cəhdidir"

  Ölkə rəhbəri bildirib ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz: "Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu, hansı platformada baş tutacaq? O, Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirir".

"Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onun günahıdır"

  Prezident vurğulayıb ki, Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi: "Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu, qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır". Dövlət başçısı qeyd edib ki, qətnamənin mətninin Fransanın Ermənistanla birgə hazırladığı, ittiham və uydurma dolu ilkin versiyası Azərbaycan tərəfində var. Lakin bizim təkcə Qoşulmama Hərəkatında deyil, Avropada da dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi formallıqdan başqa bir şey deyil: "Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır. 

"Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik"

  Ölkə rəhbəri qeyd edib ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesləri paralel şəkildə getməlidir: "Hazırda biz Ermənistanın ritorikasında dəyişikliklər görürük. İndi onlar deyirlər ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz bunu dəstəkləyirik. Biz istəyirik ki, bu iki proses - Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması paralel aparılsın. Ermənistan sülh haqqında danışarkən onun nə dərəcədə səmimi olması mənə məlum deyil. Biz sülh istəyirik. Anlamaqlarını istəyirik ki, onların Qarabağda yaşayan ermənilərə heç bir aidiyyəti yoxdur. Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik. Biz sərhədlərin delimitasiyasının onların təqdim etmək istədikləri kimi deyil, tarixi xəritələr əsasında həyata keçirilməsinə çalışırıq. Biz ərazilər istəmirik və müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik”.

"Ermənistanla sərhədlərin delimitasiyasının tarixi xəritələr əsasında həyata keçirilməsinə çalışırıq"

  Prezident deyib ki, biz Ermənistanla sərhədlərin delimitasiyasının tarixi xəritələr əsasında həyata keçirilməsinə çalışırıq: "Ermənistan sülh haqqında danışarkən onun nə dərəcədə səmimi olması mənə məlum deyil. Biz sülh istəyirik. Anlamaqlarını istəyirik ki, onların Qarabağda yaşayan ermənilərə heç bir aidiyyəti yoxdur. Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik. Biz sərhədlərin delimitasiyasının onların təqdim etmək istədikləri kimi deyil, tarixi xəritələr əsasında həyata keçirilməsinə çalışırıq. Biz ərazilər istəmirik və müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik”.

  Ölkə rəhbəri bildirib ki, dekabrın 7-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək: "Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.

  Prezident bildirib ki, o, İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləyib: "Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi. Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

"Azərbaycanın xarici siyasəti gün kimi aydındır"

  Dövlət başçısı qeyd edib ki, Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir: "Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var. Ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır, biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”. 
"Aİ ilə yeni saziş üzərində məsləhətləşmələrin yekun mərhələsindəyik"

  Ölkə rəhbəri bəyan edib ki, Azərbaycan Avropa İttifaqını vacib tərəfdaş hesab edir: "Hazırda biz Avropa İttifaqı ilə yeni saziş üzərində məsləhətləşmələrin yekun mərhələsindəyik. O, 90 faizdən artıq hazırdır. Biz Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamadıq. Bunun əvəzində ikitərəfli əməkdaşlıq formatına üstünlük verdik". Dövlət başçısı Şərq Tərəfdaşlığı haqqında danışarkən qeyd edib ki, Azərbaycan bu tərəfdaşlığı Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlıq platforması deyil, Avropa İttifaqı ilə əməkdaşlığın elementlərindən biri hesab edir.