Bakının Tehrana cavabı qətidir

İstənilən anti-Azərbaycan hərəkətlərə cavab veriləcək

40 milyon azərbaycanlının haqqının pozulmasına son verilməlidir


  Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransın açılışında çıxış edib. Dövlət başçısı bir çox önəmli məqamlardan danışıb. Ölkə rəhbəri növbəti dəfə İranın son dönəmlər atdığı addımlara toxunub və mühüm mesajlar verib. Prezident bildirib ki, heç vaxt İran sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməyib: "Mən İranın üç prezidenti - Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi". Dövlət başçısı vurğulayıb ki, hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik: "Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir". Ölkə başçısı diqqət çəkib ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, lakin azərbaycandilli məktəblər yoxdur: "Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq".

  Dövlət başçısının toxunduğu məsələni "Şərq"ə təhlil edən millət vəkili Ceyhun Məmmədov deyib ki, Prezident İlham Əliyev hələ bir müddət bundan əvvəl təkcə Azərbaycandakıların yox, bütün dünyada yaşayan azərbaycanlıların prezidenti olduğunu xüsusi olaraq vurğulamışdı. Deputatın sözlərinə görə, dövlət başçısı bu ifadələri ilə bütün dünyaya mesaj vermişdi: "İranda 40 milyon azərbaycanlı yaşayır. Bu, olduqca böyük rəqəmdir. Söhbət ondan gedir ki, İranda milyonlarla azərbaycanlının hüquqları pozulur. Bununla yanaşı, Tehran tez-tez Azərbaycanla təhdid dili ilə danışır. Cənab Prezident bu məsələyə açıq şəkildə toxundu. Bəyan etdi ki, İranın sərhədimizdə hərbi təlimlər keçirməsi Azərbaycanda birmənalı qarşılanmır. Vurğulandı ki, Azərbaycanda adekvat addımlar ataraq İranla sərhəddə təlimlər keçirdi, öz gücünü, qüdrətini göstərdi. İran Azərbaycanla təhdid dilində danışmağa son qoymalıdır. Eyni zamanda 40 milyon azərbaycanlının haqqının pozulmasına da son verilməlidir. Soydaşlarımız ana dilində təhsil ala bilmirlər, davamlı olaraq təqiblərə məzur qalırlar. Haqlı olaraq sual ortaya çıxır. Necə olur ki, İranda azsaylı ermənilərin bütün hüquqları qorunur, öz dillərində təhsil alırlar, amma azərbaycanlılar üçün bu haqlar tapdanır?".

  C.Məmmədov vurğulayıb ki, İran adını "müsəlman ölkə" qoysa da islam dövlətlərinə qarşı aqressiv siyasət həyata keçirir, Ermənistana hərbi yardım göstərir, Azərbaycanın daxili işlərinə qarışır, müxtəlif təxribatlar törədir:

"O baxımdan Prezident İrana növbəti dəfə açıq xəbərdarlığını etdi. İran Azərbaycanda dini əsaslarla "dövlət" qurulması, vətəndaşlarımızın ələ alınması və digər təxribatlara birdəfəlik son qoymalıdır. Dövlət başçısı İranda yaşayan soydaşlarımızın problemlərindən agah olduğunu bəyan etdi. Diqqətə çatdırdı ki, onların hüquqlarının müdafiəsi üçün bütün zəruri addımlar atılacaq".