"30 ildir problemi həll edə bilməmişik"

Fazil Mustafa: "Dərman qiymətləri Türkiyədən üç dəfə bahadır"

  "Büdcə formalaşdırarkən əsas meyar Azərbaycan vətəndaşının büdcəyə baxışıdır, hökumət öncə buna diqqət etməlidir". Bunu Milli Məclisin iclasında çıxış edən deputat Fazil Mustafa deyib. Parlament üzvü vurğulayıb ki, müdafiə və milli təhlükəsizlik xərcləri 2023-cü il büdcəsində 16 faiz artırılıb: "Bu rəqəmin Qarabağda xidmət keçən kontingentimizin əməkhaqqına nə dərəcədə təsir edəcəyini deyə bilməz, amma vacib məsələdir. Müdafiə Nazirliyində hər oğurlanan vəsait Azərbaycan əsgərinin haqqına girilməkdir. Özəlləşmədən gələn il 100 milyon manat nəzərdə tutulub, yəni builkindən 14 milyon az. Bu qədər boş qalmış müəssisələr niyə özəlləşdirilmir? Simvolik qiymətə özəlləşməyə təklif edin, 20-25 il sahibkar onun təyinatını dəyişdirməsin. 3 il öncə 10 min nəfərin işlədiyi tikinti şirkətini indi 100 nəfərlə formal olaraq saxlayıblar. Doğrudanmı biz bu gəlir sahələrini görmürük? Özəlləşdirmə qiymətlərini aşağı salmalıyıq”.

  Deputat qeyd etdi ki, dərman qiymətləri Türkiyədən üç dəfə bahadır: “30 ildir müstəqil dövlətik, hələ dərman problemini həll edə bilməmişik. Təhsildə də eyni problemləri görürük. Övladımızın təhsil aldığı 700 nəfərlik məktəbdə bu gün 2 min 400 nəfər təhsil alır”.