"Azərbaycanın xarici siyasətində Cənubi Azərbaycan istiqaməti elan olundu"  -  Politoloq

"Dövlət başçısı İlham Əliyev İranla bağlı mesajlar verdi. Tehran rejiminin Bakıya qarşı hücumlarından sonra ilk dəfə bu qədər açıq danışaraq, hər şeyi öz adı ilə adlandırdı".

"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. 



 
Analitik bildirib ki, ölkə başçısı Arazın o tayındakı soydaşlarımızın Azərbaycan xalqının bir hissəsi olduğunu bəyan etdi: 

"Prezident bundan öncəki çıxışlarda onlar haqda “40 milyon soydaşımız” deyə bəhs etmişdi, indi “İranda yaşayan azərbaycanlılar” adlandırmaqla daha da konkretləşdirdi. Digər yandan “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik” sözləri ilə Azərbaycanın xarici siyasətində Cənubi Azərbaycan istiqamətini elan etdi. Bakı cənubdakı azərbaycanlıların müdafiəsini üzərinə götürür. Soydaşlarımızın müdafiəsi üçün hansı addımların atılacağının da mesajı verildi. Bakı cənubdakı soydaşlarımızın ana dilində təhsil almaq hüququnun təmin edilməsi uğrunda mübarizəyə dəstək verəcək. Mümkündür ki, bu istiqamətdə iş həm beynəlxalq müstəvidə, həm də Arazın bu tayında davamlı olaraq aparılacaq. Əliyevin bu çıxışı eyni zamanda, cənubdakı soydaşlarımızı ana dili və milli kimlik uğrunda mübarizəni daha güclü şəkildə aparmağa sövq edəcək".

A.Nərimanlı vurğulayıb ki, Prezidentin İranla bağlı dediklərindən çıxan ümumi nəticə belədir: 

"Məsələ epizodik xarakter daşımır və Tehranla münasibətlərin mümkün normallaşması cənubdakı soydaşlarımızın hüquqlarının müdafiəsini arxa plana keçirməyəcək. Əksinə, rəsmi Bakı bundan sonra İranla münasibətlərə soydaşlarımızın ən azı ana dilində təhsil alması hüququnu əsas punktlardan biri olaraq daxil edə bilər".