Məlum olduğu kimi, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib. Noyabrın 28-də isə hakim partiya nümayəndələrinin təqdim etdiyi bu qətnamə Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacaq. 9 deputatın hazırladığı qətnamə layihəsini Fransa parlamentinin aşağı palatasındakı 577 deputatdan 243-ü birgə imzalayır. Oktyabrın 28-də təqdim olunan cədvəl Azərbaycanın Ermənistana qarşı “hərbi təcavüzü”nü pisləyir və “onun ərazisinin hərbi işğalı”na son qoymağa, “silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılması”na, bütün “hərbi əsir”lərin azad edilməsinə və dərhal və qeyd-şərtsiz vətənə qaytarılmasına çağırır.
Qeyd edək ki, bu gün başladılan debatların ən geci dekabrın 2- nə kimi yekunlaşması planlaşdırılır.
Bu addımların qəbuledilməz olduğunu deyən millət vəkili Asim Mollazadə "Sherg.az"a vurğulayıb ki, Fransa yenidən imperiya gücünə malik olmaq iddiasındadır:
"Onlar artıq belə xülyalar və miflərlə yaşayırlar. Rəsmi Paris isə bu addımlarla artıq hansısa danışıqlarda iştirak etmək hüququnu itirir. Təbii olaraq ənənəvi siyasi korrupsiya və zəngin erməni icması tərəfindən maliyyələşdirilən siyasətçilər bu oyunları həyata keçirirlər.
Digər tərəfdən isə siyasi məğlubiyyətlərinə görə Türkiyə və Azərbaycandan qisas almağa çalışırlar. Biz də öz növbəmizdə onlara qarşılıq verməliyik. Lazimi qurumlar bu məsələdə daha da diqqətli və fəal olmalıdır".