Rusiya nəzarəti itirmək istəmir

Ona görə bölgədə gərginliyin qalmasında maraqlıdır

  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana yardım üçün tam tədbirlər kompleksini, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib. Bu barədə KTMT-nin baş katibi Stanislav Zas deyib. Onun sözlərinə görə, vəziyyət sadə deyil, Ermənistan - Azərbaycan sərhədində, demək olar ki, hər gün atışmalar baş verir: "Ümumiyyətlə, KTMT-nin Ermənistana yardım təklifi kompleksi fərqlidir: - siyasi-diplomatik, hərbi, sərhədə missiyanın göndərilməsi... Bunlar vəziyyəti real olaraq dəyərləndirməyə imkan verəcək”. 

Xatırladaq ki, bir neçə gün qabaq İrəvanda təşkilatın sammiti keçirilib. İrəvan hökuməti bütün cəhdlərə rəğmən, KTMT-dən dəstək ala bilməyib. O səbəbdən baş nazir Nikol Paşinyan qurumun yekun bəyanatını imzalamaqdan imtina edib. Paşinyan hesab edir ki, təşkilat Azərbaycana təzyiq göstərməli, hərbi fəaliyyətlərinə imkan verməməlidir. Qurum rəhbərliyi isə Azərbaycan-Ermənistan sərhədinə missiya göndərilməsini təklif edir. 

  Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müvəqqəti rəhbərlik etdiyi dövrdə qurumdan Azərbaycan əleyhinə istifadə etmək üçün çox canfəşanlıq göstərib. Bölgədə, xüsusən Azərbaycanla sərhəddə gərginliyi saxlamaqla çalışıb ki, KTMT-nin regiona hərbi müdaxiləsini, ölkəmizə basqısını təmin etsin. Amma İrəvan öz məqsədlərinə nail ola bilməyib:

 "Çünki KTMT üzvləri konkret mövqe ortaya qoydular. Haqlı olaraq bəyan edildi ki, hazırda Azərbaycan - Ermənistan sərhədləri müəyyənləşmədiyi üçün, "Azərbaycan Ordusu Ermənistan sərhədinə hücum etdi" iddiaları yersiz və absurddur. Digər məqam isə o idi ki, başda Belarus olmaqla qurumun digər üzvləri Azərbaycanla əlaqələri korlamaqdan birmənalı imtina etdilər. Nəticədə Ermənistan KTMT-dən istədiyini ala bilmədi və pərişan vəziyyətdə qaldı. Rusiya isə həm Ermənistanı əldən buraxmır, həm də bölgədə gərginliyin qalmasına çalışır. Regionda qarşıdurma şəraitinin olması Rusiya üçün sərfəlidir. Çünki məhz bunun sayəsində prosesləri nəzarətdə saxlamaq və yönəltmək imkanı əldə edir. KTMT baş katibinin qeyri-müəyyən fikirləri də bu amala xidmət göstərir. "Bulanıq suda balıq tutmaq" sevdasında olan Kreml hansısa formada Azərbaycan-Ermənistan sərhədində də qalmaq niyyətindədir. Təbii ki, Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı Rusiyanın bölgədəki növbəti demarşına icazə verməməlidir. Nəinki Rusiyanın, rəhbərlik etdiyi hansısa hərbi missiya bölgəyə gəlməli, əksinə, "sülhməramlı" adı ilə ərazilərimizə yerləşmiş rus hərbi kontingentini Azərbaycandan birdəfəlik uzaqlaşdırmaq lazımdır".