Rus sülhməramlıları bölgədən çıxarılmalıdır

Bölgəni qana bulamaq üçün fürsət gözləyirlər, təhlükəli planlar qururlar

"Gələn gündən aydın oldu ki, rusların məqsədi sülh yaratmaq deyil, qarşıdurmanı, münaqişəni qüvvədə saxlamaqdır"

  Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə etirazını bildirib. Nazirlikdən vurğulanıb ki, Rusiyaya məxsus qurumların rəsmi informasiyalarında Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir. Rusiya sülhməramlı kontingentinin diqqətinə çatdırılıb ki, yaşayış məntəqələrimizin adlarının düzgün toponimlərlə ifadə edilməsi zəruridir: "Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan rəsmi məlumatda “Mardakert” və "Martuni" kimi adlandırılan yaşayış məntəqələrinin adları Ağdərə və Xocavənddir".

Diqqətə çatdıraq ki, Rusiya rəsmi qurumları dəfələrlə bu cür qərəzli təxribatlara əl atıblar. Bəzi hallarda isə "texniki yanlışlıqlara" yol verildiyini iddia ediblər. Ancaq nəyə görəsə, ardıcıl xəbərdarlıqlara rəğmən israrla öz "xəta"larının üzərində dayanıblar. 

  Millət vəkili Elman Məmmədov "Şərq"ə bildirib ki, Qarabağda yerləşmiş Rusiyaya məxsus hərbi kontingent sülhməramlı deyil. Deputatın fikrincə, onlar ölkəmizə soxulmuş işğalçı güclərdir: 

"Xocalı soyqırımını törətmiş 366-cı alayın davamçılarıdır. Rus "sülhməramlıları" iki ildir Xankəndi və ətrafdakı separatçıları, qanunsuz erməni hərbi birləşmələrini tam silahlandırıb, döyüşə hazırlayıblar. Ruslar separatçılarla sıx əməkdaşlıq edir və onların müdafiəsini təşkil edirlər. Ən əsası isə odur ki, ruslar bunu gizlətmirlər. Düşünürlər ki, 1990-cı illərin əvvəllərində olduğu kimi yenə də keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin ərazisinə nəzarət edirlər. Bizim torpaqları "özlərinki" sayır və sovet dövrünün qanunları ilə davranırlar. Məhz ona görə rayonlarımızı "Stepanakert", "Mardakert", "Martuni" adlandırırlar. Bunu qəsdən və qərəzli şəkildə edirlər. Rusiyanın niyyəti bünövrədən bəddir. Gələn gündən aydın oldu ki, rusların məqsədi sülh yaratmaq deyil, qarşıdurmanı, münaqişəni qüvvədə saxlamaqdır. Erməni quldurlarını silahlandırmaq, himayə etmək, heykəllər ucaltmaq, rus icması yaratmağa çalışmaq və s. Bunların heç biri sülhə xidmət məqsədi daşımır. Ona görə də əlimizdən gələni etməliyik ki, rusları ən tez zamanda torpaqlarımızdan göndərək. Nə qədər ki rus hərbçiləri bizim ərazidədir, hər saniyələri Azərbaycan üçün fəlakət deməkdir. İstənilən təxribata əl ata bilələr. Aranı qarışdırmaq üçün qəsdən öz əsgərlərini öldürərlər, texnikalarını məhv edərlər və günahı bizim üzərimizə atarlar. Bu, rusların çar dövründən qalma müstəmləkəçilik və imperiya siyasətidir". 
E.Məmmədov vurğulayıb ki, Rusiya rəhbərliyinin üçtərəfli bəyanata imza atmasına baxmayaraq, ermənilərin qanunsuz silahlı birləşmələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmaması göstərir ki, Moskva sülhməramlı deyil: "Bölgəni qana bulamaq üçün fürsət gözləyirlər, təhlükəli planlar qururlar. Gecikmədən, yubanmadan təhlükəsizlik tədbirlərimizi gücləndirməliyik və hər təxribata hazır olmalıyıq. Azərbaycan ərazisində əsgərimizə güllə atılması nə deməkdir?! Bu necə qudurğanlıqdır? Əgər erməni bizə avtomatla atəş açırsa, ona tankla, topla cavab verilməlidir. Niyə ərazilərimizdə separatçı quldurlar qalmalıdır ki, biz də mütəmadi əziyyət çəkək, zərər görək? Buna son verilməlidir".