Siyasi partiyalar haqqında qanun mükəmməl deyil

Fazil Mustafa: "Sənəddə qeyd olunur ki, xalqın adından danışmaq olmaz, bu müddəa səhvdir"

  Milli Məclisin dünənki iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib. O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib. Daha sonra yeni qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.

"Qanun layihəsində təklif olunan məhdudiyyətlər aydın şəkildə göstərilib"

  Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi toplaşmaq və birləşmək azadlığına təminat verir. Onun sözlərinə görə, Avropa İnsan Haqları Konvensiyası qeyd edir ki, siyasi partiyalarla birləşmək hüququ dövlətlər tərəfindən qorunur və demokratik cəmiyyət üçün zəruri olan məhdudiyyətlər də ola bilər: “Hazırlanmış qanun layihəsinin 3.2-ci maddəsi məhz həmin tələbi özündə tam ehtiva edir. Çünki qanun layihəsində təklif olunan bir sıra məhdudiyyətlər aydın şəkildə göstərilib və mütənasibdir. Üç komitə layihə üzərində işçi qaydada çalışsa da, ictimai müzakirələrdə komitə üzvü olmayan deputatlar da iştirak edib. Bizim parlamentin bir çox üzvləri bu layihənin müzakirəsində aktiv iştirak edib. Əminəm ki, siyasi sistemə töhfə verəcək qanun layihəsi birinci oxunuşda qəbul ediləcək”.

“Yeni qanun layihəsi çoxpartiyalı sistemin təşəkkül tapmasına kömək olacaq”

  Deputat Ziyafət Əsgərov deyib ki, "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi cəmiyyətdə siyasi plüralizmin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, çoxpartiyalı sistemin təşəkkül tapmasına da kömək olacaq: "Təəssüf ki, bu gün siyasi partiyalardan danışanda bir çox hallarda çoxpartiyalı sistem yox, partiyaların çoxluğunu nəzərdə tuturuq. Əslində bu qanun layihəsinin əsas məqsədi vətəndaş, cəmiyyət və dövlət konfiqurasiyasında siyasi partiyanın dəqiq təyinatını müəyyənləşdirməkdir. Hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanunda 1993-cü ildən bugünədək 70-dən çox dəyişiklik edilib. Lakin indiki yeni layihənin birinci oxunuşuna qədər 66 dəyişiklik olunub. Bu onun göstəricisidir ki, qanun layihəsinin müzakirəsi üçün ölkədə fəaliyyət göstərən siyasi partiya və ictimai birliklərin iştirakına tam şərait yaradılmışdı. Bütün demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da hüquq münasibətlərinin, bütövlükdə ictimai münasibətlərin dinamikası çox genişdir. Heç şübhəsiz ki, yeni qanun layihəsinin qəbul edilməsi cəmiyyətdə siyasi və hüquq mədəniyyətinin yeni mərhələsini formalaşdırmaqdır. Bu baxımdan qanunun icrası üçün bizdən, hüquq-mühafizə orqanlarından, eləcə də icra orqanlarından çox şey tələb edilir. Hüquqi mədəniyyət yüksəkdirsə, deməli, cəmiyyətdə hüququn aliliyi də çox olacaq”.


"Yeganə qanundur ki, hazırlıq müddətində bu qədər dəyişikliklər oldu"

  Deputat Fazil Mustafa bildirib ki, ümumilikdə heç bir qanun mükəmməl deyil: "Zamanın tələbinə uyğun olaraq, müəyyən dəyişikliklər olacaq. Qanunda müəyyən məhdudiyyətlər də var ki, onları qeyd etmək lazımdır. Qanunda qeyd olunur ki, xalqın adından danışmaq olmaz. Bu müddəa düzgün deyil. Məsələn, bu gün mən deyirəm ki, Fransa Senatının Azərbaycan haqqında çıxışlarını lənətləyirəm. İndi bunu deməyim? Xalqın adından çıxış etməyim? Bu müddəada uyğunsuzluqlar var”.

"Bəzi insanlar cibində 5-6 siyasi partiyanın vəsiqəsini daşıyırlar"

  Deputat Elşən Musayev bildirib ki, bəzi insanlar var ki, cibində 5-6 siyasi partiyanın vəsiqəsini daşıyırlar: "Həmin insanlar harada hansı sərf edirsə, o vəsiqəni çıxardır. Mən elə siyasi partiya rəhbəri tanıyıram ki, partiyanın möhürünü hara qoyubsa, xəbəri yoxdur. Elə partiya var ki, onun adındakı hərflərin sayı üzvlərin sayından çoxdur. Elə siyasi partiya rəhbəri var ki, heç onun həyat yoldaşı bilmir ki, o, hansı partiyanın sədridir. Reyestrin yaradılması məsələsi ona görə çox yaxşıdır. Siyasi partiyanı 5 nəfərlə yaratmaq istəyənlər var. Sənin əgər 5 nəfər üzvün varsa, get üstünə 5 nəfər də qoy, futbol komandası yarat. Siyasi partiya anlayışına ciddi yanaşmaq lazımdır”.

"Rəsulzadənin, Elçibəyin arzularını İlham Əliyev həyata keçirir"

 Deputat Razi Nurullayev bildirib ki, müxalifətçiliyi də kişi kimi etmək lazımdır: "İqtidarı, Prezidenti tənqid etmək, zəiflətmək naminə Azərbaycanın düşmənləri ilə belə əməkdaşlıq edən, onların sözünü dəstəkləyən və onların televiziyalarında tənqidi fikirləri ilə görünən siyasətçilərin olmasına təəssüf edir. Bu gün İranın, Ermənistanın televiziyalarında onların çıxışlarından və tənqidlərindən istifadə olunursa, bu, onlar üçün utanc və faciədir. Parlamentdə olan müxalifəti də tənqid edirlər ki, siz necə müxalifətsiniz? Nə etməliyik? Yumruq davasına çıxmaq, qarışıqlıq salmaq, spikerin sözünü kəsmək, hər məsələyə etiraz etmək, zalı tərk etmək, səsi imkan verdikcə qışqırmaq, əl-qol ilə danışmaq bizlik deyil. Daha mədəni və təsirli yollar var, bunu da edirik. Son zamanlar məni də təhqir edirlər. Çünki Prezident İlham Əliyevin Azərbaycan naminə gözəl çıxışlarını dəstəkləyirəm. Biz müxalifət olaraq başımızın üzərində Rəsulzadənin, Elçibəyin portretini asmışıq, onların əsrlər boyu həyata keçməyən arzularını bu gün İlham Əliyev həyata keçirir, siz isə bunu qəbul etmək istəmirsiniz. Ədalətli, dövlətçi insanlar olsaq, gərək başımızın üstündə İlham Əliyevin şəklini asaq. Bütün partiyaların proqramında Qarabağ məsələsinin həlli var, İranda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi var, bütöv azərbaycançılıq var. O mövzular bir neçə partiyanın monopoliyası deyil. Təzada bax ki, indi iqtidar partiyası bütöv Azərbaycana işarə vurur, İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etməkdən ötrü tədbirlər görür, Azərbaycanın ən zəif vaxtlarında bütöv Azərbaycan deyənlər, Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizin hüquqlarını qoruyanlar ölkəmizin tarixdə görünməyən güclü vaxtında tərəflərini və ideallarını dəyişiblər. Bu, xalqımız üçün xəyanətə bərabər tutulacaq hərəkət, sizin üçün isə faciədir. Müxalifətçiliyi də gərək kişi kimi edəsən”.
Müzakirələrdən sonra “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib. Məlumat üçün bildirək ki, qanun 6 fəsil və 30 maddədən ibarətdir. Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis ediləcək.