"Rusiya heç vaxt düzəlməyəcək"

Cümşüd Nuriyev: "Nə qədər cinayətkar varsa, hamısı Xankəndidədir" 

Ona görə də alternativ olaraq ABŞ-nin Cənubi Qafqaz siyasətindən yararlanmalıyıq


  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib. Görüş zamanı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Vaşinqton görüşü də daxil sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət müzakirə olunub. 

Ceyhun Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın hələ də öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mina təhdidlərini davam etdirdiyini, öhdəliklərə zidd olaraq Laçın yolundan hərbi məqsədlər üçün istifadə olunduğunu diqqətə çatdırıb. O, qeyd edilən destruktiv addımların qarşısının alınmasının vacib olduğunu vurğulayıb. Nazir, eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib.

  Filip Riker ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə deyib ki, ABŞ hökuməti Ermənistan rəhbərliyinə etimad göstərməkdə yanıldığını anlamağa başlayıb. Professorun sözlərinə görə, Paşinyanın Amerika ilə yanaşı, Fransa və Rusiyaya da xidmət göstərməsi Ağ Evi hiddətləndirir və narazı salır: 

"Ermənistan İranla bağlı məsələdə də Vaşinqtonu qəzəbləndirir. Paşinyan ABŞ-nin illərdir sanksiya tətbiq etdiyi bir ölkəni - İranı israrla Amerika ilə eyni müstəviyə çəkməyə çalışır. Bu da Ağ Evi çətin vəziyyətdə qoyur. O baxımdan Vaşinqtonun Cənubi Qafqaz siyasətində redaktələri müşahidə edirik. Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Kərim Vəliyev də ABŞ-də səfərdə olarkən Ağ Ev rəsmiləri Azərbaycanı strateji tərəfdaş olaraq təqdim etdilər. Hazırda Qafqaz uğrunda Qərblə Rusiyanın kəskin siyasi mübarizəsi gedir. Vaşinqton bölgədə Azərbaycanın önəmini çox gözəl anlayır və yeni dünya düzənində rəsmi Bakının yerini daha yüksəkdə görür. Azərbaycanın geostrateji mövqeyi, apardığımız müstəqil siyasət, dövlət başçısının düşünülmüş addımları, uzaqgörən siyasəti, mühüm aktorlardan birinə çevrilməsi ABŞ-nin nəzərindən yayına bilməz. Bütün hallarda Amerika Cənubi Qafqazda öz siyasətini həyata keçirmək istəyir. Bu, indiki məqamda Azərbaycana da sərf edir". 

  C.Nuriyev vurğulayıb ki, bölgədə Azərbaycana qarşı törədilən təxribatların arxasında Rusiya dayanır: 

"Məğlub və zəif Ermənistanın güclü və qalib Azərbaycanla yenidən müharibəyə başlaması ermənilər üçün fəlakət olar. Bunu ermənilər özləri də etiraf edirlər və növbəti savaşın əleyhinə olduğunu söyləyirlər. Amma Ermənistanı həm Rusiya, həm də Ermənistan qızışdırır. Elə Xankəndi və ətraf bölgəyə yerləşdirilmiş rus ordusu da işğalçılıq və təxribat siyasətinə başlayıb. ABŞ baş verənləri izləyir və Rusiyanın imperiya siyasətinin kifayət qədər təhlükəli olduğunu diqqətə çatdırır. Rusiya üçtərəfli sazişə imza atmaqla üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini icra etməyib. İki il keçməsinə rəğmən, hələ də qanunsuz erməni silahlıları bizim torpaqlarımızdadır. Moskva nəinki razılaşmalara əməl edir, üstəlik, Brüssel anlaşmalarının da reallaşmasına imkan vermir, İrəvanı təxribata çəkir. 

Vardanyanı Xankəndiyə göndərən Rusiya Qarabağda növbəti qaynar nöqtə düzəltməyə çalışır. Yenə də torpaqlarımıza qanunsuz səfərlər reallaşır. Erməni separatçılarına silah-sursat və texnika daşınır, müxtəlif mallarla təmin olunurlar. Bütün bunların hamısı Rusiyanın nəzarətində olan Laçın dəhlizi vasitəsi ilə həyata keçirilir. 

Azərbaycan tərəfi mütləq Laçın dəhlizində öz nəzarət postunu qurmalıdır. Həm Gömrük Komitəsinin məntəqəsi olmalıdır, həm də bütün yol Ordumuzun nəzarətinə verilməlidir. Nə qədər cinayətkar varsa, hamısı Xankəndidədir. Hətta PKK və "Asala" terror təşkilatlarının üzvləri də ermənilərin başına toplaşıblar.

Kim nə deyir-desin, Rusiya heç vaxt düzəlməyəcək, bu ölkədən səmimiyyət gözləməyə dəyməz. Ona görə də alternativ olaraq ABŞ-nin Cənubi Qafqaz siyasətindən yararlanmalıyıq. Artıq bıçaq sümüyə dirənib".