Ermənistan hələ də öhdəlikləri yerinə yetirmir

Qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisindən tam çıxarılmayıb

  "Ermənistan normallaşmanın hər üç əsas istiqaməti üzrə öhdəliklərini yerinə yetirmir". Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici işlər nazirlərinin görüşündə bildirib. Nazir deyib ki, ikitərəfli danışıqlarda dinamizmin artmasına baxmayaraq, əldə edilən irəliləyiş kifayət qədər məhdud olaraq qalır. Çünki Ermənistan keçmiş imitasiya təcrübəsini davam etdirir: "Ermənistan dövlətlərarası normallaşmanın hər üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə davam edir. Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Eyni şəkildə, Ermənistan kommunikasiya əlaqələrinin bərpasını süni şəkildə gecikdirir, o cümlədən Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasından imtina edir. Bunun əvəzinə, sentyabrın ortalarında delimitasiya olunmamış dövlət sərhədi boyunca təxribatdan sonra Ermənistan normallaşma gündəliyini pozmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı. Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir”.

"Ermənistanla danışıqların növbəti mərhələsi yaxın həftələrdə baş tutacaq"

  Ceyhun Bayramov bildirib ki, Ermənistanla danışıqların növbəti mərhələsi yaxın həftələrdə baş tutacaq: "Avqustun 31-də keçirilmiş Brüssel görüşünün mühüm nəticələrindən biri olaraq imzalanacaq sülh müqaviləsinin mətni ilə bağlı ikitərəfli danışıqlar başladı. Noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan Ermənistana yenidən baxılmış təklifləri təqdim etdi. Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutacağı gözlənilir. Bu xüsusda, Azərbaycanın yanaşması aydın və ardıcıl olmaqla yanaşı beynəlxalq hüquqa əsaslanır. İmzalanacaq sülh müqaviləsi Azərbaycan və Ermənistanın iki bərabər suveren dövlət kimi hüquqlarını təmin edəcək və dövlətlərarası münasibətlər ilə bağlı ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün zəmin yaradacaq".

"Azərbaycan Respublikasının Konstitusiyası mühüm hüquqi baza təmin edir"

  XİN rəhbəri Azərbaycan hökuməti ilə yerli etnik erməni sakinlər arasında dialoqdan danışıb: "Azərbaycan həmçinin postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını onların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlara sahib olmasına zəmanət verməklə yenidən cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyası mühüm hüquqi baza təmin edir. Azərbaycan hökuməti ilə yerli etnik erməni sakinlər arasında dialoqun və təmasların genişləndirilməsi dinc birgə yaşayışın təmin edilməsinə istiqamətlənib, prosesin təşviq edilməsi və dəstəklənməsinə ehtiyac var”.

"Aİ və Azərbaycan arasında danışıqların növbəti raundu keçiriləcək"

  Nazir deyib ki, Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üzrə danışıqlar davam edir: "Bölgədəki nəqliyyat və kommunikasiya əlaqələri kontekstində Transxəzər Şərq-Qərb Orta Dəhlizin geniş iqtisadi və investisiya imkanlarını və Azərbaycandan keçən tranzit axınlarının 2022-ci ildə 70 faiz artdığını qeyd etmək istərdim. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində formalaşan nəqliyyat qovşağı, o cümlədən Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təmin olunmasında müsbət rol oynayacaq, bölgədə ticarətin inkişafına töhfə verəcək”.

"Azərbaycandan Avropaya “yaşıl enerji” ixracı üzrə çalışırıq"

  Nazir qeyd edib ki, Azərbaycandan Avropaya “yaşıl enerji” ixracı üzrə çalışırıq: "İlk növbədə, bugünkü nazirlər səviyyəsində görüşün təşkilinə görə öz minnətdarlığımı bildirirəm. Bu görüş Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək fəaliyyəti ilə bağlı açıq və səmimi fikir mübadiləsi üçün faydalı fürsətdir”. Nazirin sözlərinə görə, Şərq Tərəfdaşlığı iştirak edən bütün tərəflərin ortaq mənsubiyyəti və məsuliyyətinə əsaslanır: “Bu fakt, sözügedən təşəbbüsün gələcək inkişafı ilə bağlı işimizi bundan sonra da istiqamətləndirməlidir. Azərbaycan Şərq Tərəfdaşlığını Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, ümumi maraq və faydalara əsaslanan mühüm yardımçı mexanizm kimi görməkdə davam edir. Aİ bizim ən böyük ticarət və investisiya tərəfdaşımızdır. Aİ ilə Azərbaycan arasında 2022-ci ilin iyul ayında imzalanmış Anlaşma Memorandumu təbii qazın sabit və əlverişli şəraitdə nəqli, həm də Avropaya potensial “yaşıl enerji” ixracı baxımından əhəmiyyət kəsb edir. Biz həmçinin Azərbaycandan Avropaya “yaşıl enerji” ixracı üzrə üzrə tərəfdaşlarımızla çalışırıq və yaxın günlərdə nəzərəçarpacaq addım gözləyirik”. 

"Tranzit axınları 2022-ci ildə 70 faiz artıb" 

  Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Aİ, həmçinin Aİ-nin Azərbaycanda İqtisadi və İnvestisiya Planının həyata keçirilməsi üzərində işləyir və bu, layihə yönümlü əməkdaşlığın yaxşı nümunəsidir: “Yüksək səviyyəli birgə işçi qrupunun ilk iclası ötən həftə Bakıda keçirilib. Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üzrə danışıqlar davam edir və bu gün nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçiriləcək. Bölgədəki nəqliyyat və kommunikasiya əlaqələri kontekstində Transxəzər Şərq-Qərb Orta Dəhlizin geniş iqtisadi və investisiya imkanlarını və Azərbaycandan keçən tranzit axınlarının 2022-ci ildə 70 faiz artdığını qeyd etmək istərdim. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində formalaşan nəqliyyat qovşağı, o cümlədən Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təmin olunmasında müsbət rol oynayacaq, bölgədə ticarətin inkişafına töhfə verəcək”.