Monitorinqin aparılmasına əngəli yaradan ruslardır

Çünki onlar da Azərbaycana aid yataqlardan gəlir əldə edirlər

  "Moskva Xocalı soyqırımından sonra bölgədə müharibənin genişlənəcəyi təhlükəsinə görə Qarabağdakı mənfur 366 hərbi briqadanı bölgədən çıxarmağa qərar vermişdi". Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, o zaman hadisəni yerindəcə izləyən rusiyalı jurnalistlərdən biri hərbi briqadaya komandanlıq edənlərin və onların xanımlarının  maşınlarında pul və zinət aşyaları daşınmasının şahidi olmuş və bunu qələmə almışdı: "Qarabağdakı rusiyalı hərbçilər iki yolla varlanırdılar. 

Birincisi, rusiyalı hərbçilər erməni separatçılarla birgə işğal etdikləri ərazilərdə azərbaycanlıların evlərini yağmalayırdılar. İkincisi isə separatçılar onlara verilən dəstəyə görə, erməni lobbisindən aldıqları pulları rus zabitlərlə bölüşürdülər.

 Kim zəmanət verə bilər ki, erməni separatçıları yenə eyni taktikadan istifadə etmirlər?! 

Separatçılar erməni lobbisindən aldılqarı pulu rusiyalı hərbi kontingentin rəhbərliyi və zabitləri ilə bölüşürlər. Azərbaycana aid yataqların qanunsuz istismarından əldə edilən gəlirdən onlara pay verirlər. 

Azərbaycanlı məmurların yataqlarda monitorinq aparmasına yaradılan əngəlin səbəblərindən biri də budur. 

Rusiya Ukraynanın işğal etdikləri ərazilərində taxılı yağmaladıqları kimi, hərbçiləri də Azərbaycan ərazisində yataqlarımızın qanunsuz istismarından qazanır".